...

İlham Əliyev Bakıda 49 nömrəli "İntellekt" məktəb-liseyin və 21 nömrəli məktəbin binalarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Siyasət Materials 5 Sentyabr 2012 14:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakının Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
İlham Əliyev Bakıda 49 nömrəli "İntellekt" məktəb-liseyin və 21 nömrəli məktəbin binalarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakının Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmiri və yenidən qurulması işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqram üzrə Bakı şəhərində məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir.

Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu.

Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Dövlət Proqramına uyğun olaraq məktəbin təmirinə 2012-ci ilin mayında başlanılıb. Ümumi sahəsi 5700 kvadratmetr olan üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı otaqları, idman və akt zalları, dəhlizlər, sanitariya qovşaqları tam təmir edilib, üç kompyuter sinfi yaradılıb, təhsil ocağının həyətində 1500 kvadratmetr sahəyə asfalt örtüyü döşənib, binanın əvvəlki dam örtüyü təzələnib, pilləkən və tutacaqlar yenilənib, foyeyə tamet daşlar düzülüb, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib. Məktəbin foyesində və sinif otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin fotoları və milli dövlət atributları asılıb.

Dövlətimizin başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış oldu.

Ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin yeni sinif otaqlarına olan tələbatı nəzərə alınaraq təhsil burada 36 əlavə sinif otağı üçün nəzərdə tutulub, 660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da inşa olunub.

Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, yeni korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb. Yeni korpusdakı sinif otaqlarında da müasir təhsil üçün hər cür şərait yaradılıb. Korpusun mansardında ibtidai sinif şagirdləri üçün idman və internet şəbəkəsinə qoşulmuş müasir kompyuter zalları fəaliyyət göstərəcək. Kompyuter zalı şagirdlərin informatika sahəsində biliklərinin artırılması üçün digər vəsaitlərlə də təmin olunub. Məktəbin həyəti və ətraf ərazi abadlaşdırılıb, yaşıllaşdırma işləri görülüb. Həyətyanı sahədə yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunub. Tədris korpusunun istiliklə təminatı tam həll edilib, su, işıq və kanalizasiya xətləri çəkilib, məktəbin içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülüb.

Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.

Dövlətimizin başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 21 nömrəli məktəbin əvvəlki binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar 7 illik, 1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəbdə 920 şagird təhsil alır, 85 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.

Dövlət Proqramına uyğun olaraq 21 nömrəli tam orta məktəbin əsaslı təmiri və şagird sıxlığının aradan qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının tikintisi yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25 sinif otağı, o cümlədən fizika, kimya, biologiya, informatika kabinetləri və laboratoriyalar müasir avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin edilib.

Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış oldu.

Təhsil ocağının girişi və hasarı yenidən qurulub, döşəmə, tavan, qapı və pəncərələr ən müasir və keyfiyyətli inşaat materialları ilə işlənib. Ərazi abadlaşdırılıb, 1339 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınıb, 1000 kvadratmetr sahəyə asfalt örtüyü, 1000 kvadratmetr sahəyə isə tamet döşənib. Sanitariya qovşaqları, enerji, istilik, su sistemləri tamamilə yenidən qurulub. Məktəbin həyətində içməli su və yanğın təhlükəsizliyi ehtiyatı üçün hər birinin tutumu 100 ton olan su anbarları tikilib. Məktəbdə 20 Yanvar şəhidi Eldar Məmmədovun büstü bərpa olunub, təhsil ocağının girişində onun guşəsi yaradılıb. Hazırda məktəbin əlavə tədris korpusunun, idman və iclas zalının, yeməkxananın, emalatxananın tikintisi, idman meydançasının yaradılması ilə bağlı işlər davam etdirilir.

Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti