...

Mübariz Əhmədoğlu: Avropa strukturlarının Ramil Səfərovun ekstradisiyası faktorunu hərtərəfli tədqiq edəcək komissiya yaratması zəruridir

Siyasət Materials 17 Sentyabr 2012 12:38 (UTC +04:00)
"Ramil Səfərov işi" adlı heç bir məsələ yoxdur, bu, ermənilərin uydurmasıdır, amma Ramil Səfərovun ekstradisiyası faktordur və bu faktor Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan müstəvisində başa düşülməlidir.
Mübariz Əhmədoğlu: Avropa strukturlarının Ramil Səfərovun ekstradisiyası faktorunu hərtərəfli tədqiq edəcək komissiya yaratması zəruridir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

"Ramil Səfərov işi" adlı heç bir məsələ yoxdur, bu, ermənilərin uydurmasıdır, amma Ramil Səfərovun ekstradisiyası faktordur və bu faktor Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan müstəvisində başa düşülməlidir. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Əhmədoğlu ermənilərin ortalığa qoyduğu tarixi rəqabətin və ya savaşın müasir mərhələdə davam etməsini və onun səviyyəsini müəyyən etmək üçün avropalılara iki məsələ ilə maraqlanmağı məsləhət bilib.

"Birincisi, Avropadan pul istəyən Ermənistan Azərbaycandan Avropaya neft-qaz daşıyan kəmərləri partlatmağa hazırlaşır. Bu barədə Ermənistan rəsmilərinin mətbuatda getmiş fikirləri var. İkincisi, elektrik enerjisi bolluğuna malik olan, öz izafi elektrik enerjisini satmağa bazar tapmayan Ermənistan Türkmənistandan elektrik enerjisi satın almaq istəyir. Uzun müddət türk diplomatlarına qarşı terror edən erməni terror təşkilatları, konkret terrorçular Ermənistan cəmiyyətində mifləşdirilib. Yaxınlarda 30 il bundan öncə Kanadada erməni terrorçuları tərəfindən öldürülmüş türk diplomatının xatirəsini əbədiləşdirmək istiqamətində atılan addımlar Ermənistan cəmiyyətində ciddi ajiotaj yaratdı. Ramil Səfərovun vətənə qayıdışı bu məsələni dayandırdı", - Əhmədoğlu əlavə edib.

Politoloqun fikrincə, Ramil Səfərovun işi tarixi rəqabətə söykənən erməni-türk, erməni-azərbaycanlı münasibətlərinin müasir mərhələdə davamıdır.

"Azərbaycan Ermənistan və dünya erməniliyi üzərində bu istiqamətdə uğur əldə etdi. Ermənilər Azərbaycanın belə qələbəsinə hazır deyil. Lakin dünya miqyasında azərbaycanlılar hələlik ermənilər qədər güclü deyil. Fransanın Orli aeroportunda 4 türkün və 4 avropalının ölümü ilə nəticələnmiş terror hadisəsi törətmiş Varujan Karapetyanı ermənilər Fransada əfv etdirə bildiyi halda, azərbaycanlıların gücü Macarıstandan ekstradisiyaya çatdı. Ermənilər Ramil Səfərovu ömürlük həbs cəzasına məhkum etdirməklə həm də çalışırdılar ki, o heç bir zaman əfv olunmasın. Avropada Azərbaycan həqiqətlərinin müəyyən qədər dərk edilməsi, Azərbaycanın daha faydalı qəbul edilməsi Ramil Səfərovun ekstradisiyasına şərait yaratdı", - Əhmədoğlu qeyd edib.

Politoloq hesab edir ki, Ramil Səfərov Azərbaycanda qəhrəman kimi qarşılanmadı.

"Azərbaycanın uğur əldə etdiyi zaman əhalinin sevinc hisslərinin büruzə verməsinə dair çoxlu misallar var. Xalqımız Olimpiya çempionlarını, "Eurovision" yarışmasının qalibini qarşılayıb. Milli qəhrəman Mübariz İbrahimovun cənazəsinin Bakıya gətirilməsi, onun dəfn mərasimi ilə bağlı videogörüntüləri istənilən avropalı siyasətçi asanlıqla internetdən götürə bilər. Ramil Səfərovun ölkəmizə qaytarılmasını, onun təntənəsini Azərbaycan Prezidentinin bir fikri tam ifadə edir: "Azərbaycan öz zabitini vətənə qaytardı". İndi Azərbaycanda 5 ildən artıq xidmət etmiş istənilən zabitin mənzil almaq şansı var. Adı orduda xidmət edənlər sırasında olduğu üçün Ramil Səfərova 8 illik dövrün zabit maaşı verilməli idi. Günahsız səkkiz insana qarşı terror törədən Varujan Karapetyan da, erməni ordusunun "dedovşinalığı"ndan çıxmış zabitinin ona psixoloji təzyiq edərək onu bu həddə gətirməsinə cavab olaraq bir erməni zabitini öldürən Ramil Səfərov da ömürlük həbs cəzasına məhkum edilir", - politoloq bildirib.

Onun sözlərinə görə, Macarıstanın Cinayət Məcəlləsində başqa maddələr də var idi. Məhz erməni lobbisi Avropa ictimaiyyəti qarşısında Macarıstan məhkəməsini ermənilərə lazım olan qərarı qəbul etməyə təhrik etdi. Avroparlamentarilər indi bu qədər narahat olmaq əvəzinə 2004-cü ildən 2006-cı ilədək davam edən məhkəmə prosesinə ermənilərin etdiyi müdaxilələrə münasibət bildirsəydi, daha yaxşı olardı.

"Ramil Səfərovun ekstradisiyası faktorunda tarixi rəqabətin və məhkəməyə təzyiqlərin rolunu nəzərə alsaq, avroparlamentarilərin qəbul etdiyi qətnaməni yersiz və ya vaxtından əvvəl qəbul edilmiş qətnamə adlandırmaq olar. Ona görə də, ədalətin bərpası üçün Avroparlamentin təkbaşına və ya digər avrostrukturlarla birlikdə tarixi rəqabətə söykənən erməni-azərbaycanlı münasibətlərinin tarixi parametrləri, Ramil Səfərovun məhkəməsində baş verənləri və yaxınlarda olmuş ekstradisiyasını tədqiq edən komissiya yaratması çox vacibdir", - Əhmədoğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti