...

Azərbaycanın müxalifət qüvvələrinin bir-birlərinə əməkdaşlıq təklifi cavabsiz qalır

Siyasət Materials 3 Oktyabr 2012 12:45 (UTC +04:00)
Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) İctimai Palataya (İP) ünvanladığı əməkdaşlıq müraciətinə cavab veriləcəyinə ümid etmir.
Azərbaycanın müxalifət qüvvələrinin bir-birlərinə əməkdaşlıq təklifi cavabsiz qalır

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) İctimai Palataya (İP) ünvanladığı əməkdaşlıq müraciətinə cavab veriləcəyinə ümid etmir.

DQMM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc Trend-ə açıqlamasında hələki müraciətə cavab verilmədiyini deyib.

"Bizim müraciətimizə rəsmi cavab verilməyib, ancaq nümayəndəmiz onlarla görüşüb. Bundan başqa, məlumatımız var ki, İctimai Palata indiki dövrdə ancaq Ziyalılar Forumu ilə əməkdaşlığı məqbul sayır", - partiya sədri deyib.

Onun sözlərinə görə, bu gün İP başqaları ilə əməkdaşlıqda maraqlı deyil. "Onlar deyirlər ki, Azərbaycanda bizdən başqa müxalifət yoxdur və onlar bu gün başqaları ilə əməkdaşlıqda maraqlı deyillər. Kursları bu cürdür və çox güman ki, bu, artıq onlarda müəyyənləşmiş bir kursdur. Onlar müxalifətdaxili parçalayıcı yol tutublar", - Oruc qeyd edib.

AXCP sədrinin müavini, İP-nin üzvü Fuad Qəhrəmanlı isə Trend-ə açıqlamasında müraciət olunubsa, cavab veriləcəyini bildirib. "Son toplantıya qədər bizə belə bir müraciət daxil olmamışdı. Daxil olubsa, yəqin ki, müzakirə olunaraq cavab veriləcək", - Qəhrəmanlı deyib.

DQMM-i ilə əməkdaşlıq məsələsinə gəlincə, o, bildirib ki, bu məsələ ilə bağlı münasibət də müzakirələrdən sonra bildiriləcək. "Hələlik müzakirə olunmamış məsələyə münasibət bildirmək doğru deyil", - Qəhrəmanlı deyib.

Xəbər lenti

Xəbər lenti