...

Ankara səhvləri düzəldir

Siyasət Materials 5 Oktyabr 2012 12:28 (UTC +04:00)
Suriya ilə Türkiyə arasında yaranan son insidentdən sonra Türkiyə Böyük Millət Məclisinin Suriyaya qarşı transsərhəd əməliyyatlarla bağlı mandat verməsi birmənalı qarşılanmadı.
Ankara səhvləri düzəldir

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriya ilə Türkiyə arasında yaranan son insidentdən sonra Türkiyə Böyük Millət Məclisinin Suriyaya qarşı transsərhəd əməliyyatlarla bağlı mandat verməsi birmənalı qarşılanmadı.

Ankaranın özünü qoruma haqqı ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən ölkəni müharibəyə sürükləmək kimi qiymətləndirilsə də, Milliyyətçi Hərəkat Partiyası (MHP) parlamentin bu qərarının yerində və önəmli olduğunu bildirdi.

Analoji mandat daha əvvəllər İraqın Şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyatların aparılması üçün də verilmişdi.

Təbii ki, İraqdakı vəziyyətlə Suriyadakı vəziyyət bir-birindən tamamilə fərqlənir. Belə ki, İraqın şimalında aparılan hərbi əməliyyatlar dünyanın bir çox ölkələrinin terror təşkilatı kimi qəbul etdiyi PKK-ya qarşı aparılır.

Suriyada isə aparılacağı ehtimal edilən hərbi əməliyyatlar ölkə ordusuna qarşı həyata keçiriləcək.

Suriya-Türkiyə sərhədində baş verən insidentin Suriya daxilindəki Türkiyəyə sadiq qüvvələr tərəfindən edildiyi də istisna olunmur.

Hadisələri diqqətlə izlədikdə, problemin sadəcə Ankara və Dəməşq miqyasında deyil, daha geniş miqyasda olduğu qənaətinə gəlmək olar.

Əslində, Türkiyə parlamentində qəbul olunan qərarın pərdəarxasında sadəcə özünü müdafiə deyil, eyni zamanda, Ankaranın Suriyadakı kürd amilindən ehtiyatlanmasının da durduğunu görmək olar.

Belə ki, türk mediasının verdiyi xəbərə görə, PKK terror təşkilatının İran qolu hesab edilən PEJAK-ın rəsmi saytında qeyd edilib ki, Suriya Prezidenti Bəşşar Əsəd Ankaranı təhdid edərək, ölkədəki silahların və raket əleyhinə qurğuların PKK-ya veriləcəyini bildirib.

PEJAK-ın açıqlamasına rəsmi Dəməşq münasibət bildirməsə də, Ankara rəsmiləri Suriya hakimiyyətinin PKK terror təşkilatı ilə Türkiyə əleyhinə iş birliyində olduğu qənaətindədirlər. Bu isə Ankara üçün İraqın şimalındakı PKK təhlükəsindən daha ciddidir.

Ehtimallar göstərir ki, Suriya-Türkiyə sərhədində baş verən insident yenidən təkrarlanacaq və Ankara özünümüdafiə hüququndan istifadə edəcək. Ehtimal edilən "müharibənin" başlanması ilə Türkiyənin məğlub olacağı inandırıcı deyil, lakin bu, o demək deyil ki, Türkiyə savaşdan tam olaraq qalib çıxacaq. Çünki ordunun böyük bir qismini terrorla mübarizəyə yönəldən Türkiyə savaş olacağı təqdirdə ordunu hərbi əməliyyatlara sövq edəcək. Bu isə öz növbəsində, ölkə daxilində terrorla mübarizənin zəifləməsinə gətirib çıxara bilər.

Baş verən insidentdən sonra müzakirə edilən mövzulardan biri də Türkiyə ordusunun Suriyaya girib-girməyəcəyidir.

Əslində, hadisələri təhlil etdikdə görmək olar ki, Türkiyə ordusunun Suriyaya girməsi qismən də olsa, Ankaranın maraqlarına xidmət edir - təbii ki, ilk növbədə Suriya sərhədində təhlükəsiz bölgənin yaradılması baxımından, digər tərəfdən isə Suriyanın şimalında nəzarəti əldə saxlayan kürdlərin Demokratik Birlik Partiyasının (Partiya Yekitiya Demokrat) PKK ilə olan əlaqələrinin kəsilməsi baxımından.

Məhz bu səbəbdən Ankara-Suriya münasibətlərinin getdikcə gərginləşərək daha ciddi formata keçəcəyi istisna edilmir.

Xəbər lenti

Xəbər lenti