...

Bakı polisi bu ilin 9 ayında gördüyü işlərə qiymət verdi

Siyasət Materials 24 Oktyabr 2012 18:34 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, müşavirədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, hesabat dövründə Bakı şəhərində DİN və Prokurorluq üzrə ümumən 7.392 cinayət qeydə alınmış, onların 6.356-u və ya 85,9%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur
Bakı polisi bu ilin 9 ayında gördüyü işlərə qiymət verdi

Azərbaycan, Bakı, 29 oktyabr / Trend müxbir M.Əliyev/

Oktyabrın 24-də Bakı şəhər Baş Polis İdarəsində 2012-ci ilin 9 ayının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, müşavirədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, hesabat dövründə Bakı şəhərində DİN və Prokurorluq üzrə ümumən 7.392 cinayət qeydə alınmış, onların 6.356-u və ya 85,9%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi cinayətlər 1077 fakt (12,7%), şəxsiyyət əleyhinə olan cinayətlər 414 fakt (16,7%), o cümlədən qəsdən adam öldürmələr 1 fakt (1,8%), adamöldürməyə cəhdlər 2 fakt (8%), qəsdən sağlamlığa az ağır xəsarət yetirmələr 3 fakt (2%), adam oğurluğu 2 fakt (3 dəfə), bütövlükdə mülkiyyət əleyhinə cinayətlər 583 fakt (16,7%), o cümlədən dövlət və ictimai bələdiyyə əmlakı oğurluğu 63 fakt (42,3%), xüsusi əmlak oğurluğu 614 fakt (27,5%), onlardan mənzil oğurluqları 135 fakt (19,2%), quldurluqlar 31 fakt (36,9%), soyğunçuluqlar 31 fakt (16,2%), ictimai qayda əleyhinə olan cinayətlər 44 fakt (2%), onlardan xuliqanlıq cinayətləri 17 fakt (3,7%), nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 4 fakt (0,7%), ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 11 fakt (4,7%) azalmış, zorlama, adamları girov götürmə, banditizim kimi cinayətlər isə ümumiyyətlə qeydə alınmamışdır. Ümumi cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% yaxşılaşaraq 78,9%, ağır növ cinayətlərin açılması isə 7,9% yaxşılaşaraq 79,2% təşkil etmiş, bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 62,2%-nin (2011-ci ildə 53,9%) açılması təmin olunmuşdur.

Onun sözlərinə görə, hesabat dövründə qeydə alınmış 2.070 şəxsiyyət əleyhinə cinayətdən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 1.979-nun, başqa sözlə 95,5%-nin (2011-ci ildə 94,5%) açılması təmin olunmuş, ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınmış 55 qəsdən adam öldürmələrin 94,5%-i, 23 ölümə sui-qəsdlərin hamısı (100%), qəsdən sağlamlığa az ağır xəsarət yetirmələrin 88,7%-i (ötən il 87,3%), quldurluqların 77,2%-i (ötən il 68,3%), soyğunçuluqların 65,6%-i (ötən il 58,6%), dövlət və ictimai bələdiyyə əmlakı oğurluqlarının 71,4%-i (ötən il 59,7%) açılmış, 51 soyğunçuluq və quldurluq cinayəti törətmiş 85 nəfərdən ibarət 35 qrup, eləcə də 107 şəxsi əmlak oğurluğu cinayəti törətmiş 92 nəfərdən ibarət 52 qrup ifşa edilmişdir.

Narkotiklərə qarşı mübarizə də davam etdirilmiş, qanunsuz dövriyyədən 152 kiloqramdan çox (ötən il 137 kq) narkotik vasitə çıxarılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən 45 kiloqramdan çox güclü təsirə malik narkotik vasitələr çıxarılmışdır.

Axtarışda olan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilmiş, 923 cinayətkardan 621-nin, başqa sözlə 67,3%-nin (2011-ci ildə 62,1%) tutulması təmin edilmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 18, qalıq isə 54 fakt azalmışdır.

Bağırov bildirib ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmışdır. Əməliyyat şəraiti nəzərə alınmaqla, vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən 14 aksiyanın qarşısı alınmış, şəhər miqyasında keçirilən 75 kütləvi tədbirdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 66-dan çox tədbir və mərasimlər zamanı nümunəvi ictimai asayiş təmin olunmuşdur.

Bakı şəhər BPİ-də kadrların düzgün seçilib yerləşdirilməsi də xüsusi nəzarətdə saxlanılmış, şəxsi heyətin təhsilinin və peşəkarlığının artırılması, fiziki və döyüş hazırlığının, şəxsi və mənəvi keyfiyyətlərinin daha da yüksəldilməsi üçün ardıcıl tədbirlər görülmüşdür.
İstintaq işlərinin və təhqiqatların aparılması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, əhalidən gələn şikayətlərin, məktubların öyrənilməsi, onların qəbulunun keçirilməsi, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müvafiq işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir.

Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər BPİ-nin rəisi polis general-mayoru Rafiq Abbasov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir. Baş İdarənin rəisi ölkə rəhbərliyini əmin etmişdir ki, Bakı Polis Qarnizonunun şəxsi heyəti bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri və verilən göstərişləri qətiyyətlə yerinə yetirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti