Arzu Nağıyev - Trend-in icmalçısı
İran iqtisadiyyatına qarşı ABŞ və Avropa sanksiyaları sərtləşdikcə Tehran rəsmiləri Asiya bazarlarına daxil olmaq üçün yeni imkanlar əldə etməyə çalışırlar. İranın nüvə proqramına Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Çin və Hindistan kimi ölkələrə İranın neft ixracına qoyulmuş qadağalar iqtisadiyyata günbəgün öz təsirini göstərməkdədir.
İranın Mərkəzi Asiya layihələri və ticarət əlaqələri dünyanın bir sıra aparıcı dövlətlərinə ixrac etdiyi neftdən gələn gəlirlə müqayisədə olduqca az olsa da, bu cür təbliğat Tehran üçün Vaşinqtonun məhdud təsirə malik olduğu bir bölgədə İran iqtisadiyyatının 76%-ni təşkil edən neftdən asılılığını xilas etmək üçün cəhddir.
Bu ilin avqust ayında "İran Khodro" avtomobil istehsalçısı Qazaxıstan və Türkmənistana öz avtomobil ixracatınıı artırmağı planlaşdırdığını elan etdi. Tacikistanda İran tikinti şirkətləri aparıcı mövqe tutmaqla paytaxt Düşənbə ilə ölkənin şimalını birləşdirəcək 39 milyon ABŞ dolları dəyərində tunel və su elektrik stansiyası layihələrində baş podratçı kimi çıxış edirlər.
Lakin İranın əsas ideyası - Mərkəzi Asiya vasitəsilə birbaşa dəmir yolu İran və qonşu Türkmənistan arasında ilk hissəsinin açılışından 15 il sonra mübahisələrə səbəb oldu.
Cari ilin sentyabr ayında Türkmənistan qəflətən Xəzər sahili boyunca Qazaxıstandan keçməklə dəmir yolu tikintisinin davam etdirilməsi ilə əlaqədar İran şirkəti "Pars Enerji" ilə bağlanmış 700 milyon dollar məbləğində müqaviləni ləğv etdi. Bunun səbəbi isə məlum deyil, yəqin ki, Türkmənistan Qərbin sanksiyalarının genişləndirilməsi ilə əlaqədar İranla ticarət əlaqələrini yenidən nəzərdən keçirmək məcburiyyətindədir.
Eyni zamanda, Türkmənistan və Özbəkistan İrandan yan keçməklə, Azərbaycanın Xəzər sahilindəki dəmir yolu layihəsinə qoşulmaq və Türkiyənin Qars vilayətinə qədər uzanacaq layihəyə maraq göstərirlər. Bu isə Mərkəzi Asiya ölkələrinin dənizə çıxışını təmin etmək deməkdir.
Qərb sanksiyalarından sonra İranın ticarətlə əlaqədar Mərkəzi Asiya ölkələrindən başqa çıxış yolu yoxdur. Əlbəttdə ki, bu, neft satışı ilə bağlı problemi həll etməyəcək. Çünki Mərkəzi Asiya ölkələrinin əsasən İran neftinə ehtiyacı yoxdur.
İranın Mərkəzi Asiyada əsas tərəfdaşı və dayaq nöqtəsi ünsiyyət dili oxşar olduğu üçün Tacikistan ola bilər və bu ölkə vasitəsilə Çin və Rusiya bazarlarına çıxış əldə edə bilər. Lakin İran üçün əsas maneələrdən biri də İslam dinindəki təriqət və məzhəb fərqləridir.
Mərkəzi Asiyada əksəriyyət sünni məzhəblidir və bu ölkələrin hakim dairələri şiə azlıqların münaqişəyə səbəb olacaqlarından ehtiyat edirlər. Buna görə də İranın Mərkəzi Asiyada və Əfqanıstanın geniş ərazilərində gələcək fəaliyyəti sünni-şiə məsələlərinə görə qeyri-mümkündür.
İran hakimiyyəti isə rəsmi olaraq özünü şiə dövləti elan edir.
Eyni zamanda, İranı daha çox narahat edən amillərdən biri də 2014-cü ilin sonuna planlaşdırılan NATO qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Vaşinqtonun Mərkəzi Asiya ilə daha güclü əlaqələrinin və mövqelərinin yarana bilməsidir. Buna görə də İran NATO-nun Əfqanıstandan qoşunların çıxarılması barədə bəyanatını strateji yerdəyişmə kimi qəbul edir.
Məlumdur ki, regiona artan diqqət Mərkəzi Asiya ölkələrinə də diqqəti artırır. Məhz buna görə də bu dövlətlər artıq özlərinin dənizə və ya dünya sularına çıxışının yalnız Rusiya və İran vasitəsilə mümkünlüyünü qəbul etmir və daha müstəqil qərarlar qəbul etməyə üstünlük verirlər.