...

Prezident İlham Əliyev bir sıra ölkələrin səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Siyasət Materials 9 Noyabr 2012 22:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Zimbabve Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bonifes Quva Çidyausikunun etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev bir sıra ölkələrin səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 9 noyabr /Trend /

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Zimbabve Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bonifes Quva Çidyausikunun etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Bonifes Quva Çidyausiku etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Bonifes Quva Çidyausiku Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycanla siyasi, enerji, sərmayə qoyuluşu, müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi və digər sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Ölkələrimizin BMT, "Qoşulmayanlar hərəkatı" və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyini vurğulayan diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olmasının önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən verdiyi dəstəyə görə Zimbabve hökumətinə minnətdarlığını ifadə etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev ikitərəfli münasibətləri müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zimbabvenin dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marilin Jusayan Alarillanın etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Marilin Jusayan Alarilla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Xanım Marilin Jusayan Alarilla Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarını və ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinə görə təbriklərini dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji, elm və texnologiya sahələrində inkişaf etdirilməsində maraqlı olduğunu dedi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətləri bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu dedi. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında güclü iqtisadi tərəfdaşlıq əlaqələri qurmaq üçün qarşılıqlı investisiya imkanlarını nəzərdən keçirməyin və əməkdaşlıq sahələrini müəyyənləşdirməyin zəruriliyini qeyd etdi.

Dövlətimizin başçısı Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Holmsun etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Con Holms etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Con Holms ölkəmizdə böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Səfir ölkələrimiz arasında əməkdaşlığın aviasiya sənayesi, təhsil, internet idarəçiliyi, tikinti və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycanla Kanada arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu vurğuladı, bu əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kennet Tompsonun etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Kennet Tompson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycanla İrlandiya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə, o cümlədən iqtisadi, sərmayə qoyuluşu sahələrində inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olundu, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vika Mazvi Khumalonun etimadnaməsini qəbul edib.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Vika Mazvi Khumalo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Cənubi Afrika Respublikası arasında ikitərəfli əlaqələri müxtəlif sahələrdə inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Cənubi Afrika Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vika Mazvi Khumalo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əməkdaşlığımızın genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.

Görüşdə energetika, bərpa olunan enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rathakit Manathatın etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Rathakit Manathat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycanla Tailand Krallığı arasında əlaqələrin inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu vurğulandı, ölkələrimizin əməkdaşlıq imkanlarının öyrənilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu, bu əməkdaşlığı enerji, mədəniyyət, turizm, iqtisadi və ticarət sahələrində inkişaf etdirmək üçün yaxşı imkanların olduğu bildirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi Marek Solçinskinin etimadnaməsini qəbul etmişdir.
Marek Solçinski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Marek Solçinski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsisi ilə söhbət etdi.

Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, həyata keçirilən birgə humanitar layihələrdə Heydər Əliyev Fondunun iştirakının əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmi qeyd olundu, münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Patrisio Alberto Çaves Savalanın etimadnaməsini qəbul edib.

Səfir Patrisio Alberto Çaves Savala fəxri qarovul dəstəsinin qarşısından keçdi.Səfir Patrisio Alberto Çaves Savala etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Patrisio Alberto Çaves Savala Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsində, əməkdaşlığımızın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində genişləndirilməsində maraqlı olduğunu dedi və əlaqələrimizin gələcəkdə uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Patrisio Alberto Çaves Savalanın Azərbaycandakı diplomatik fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin daha da yaxınlaşması işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Ekvador arasında beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlarının olduğunu vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvadorun dövlət başçısına çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti