...

NATO Azərbaycan Silahlı Qüvvələrində müasir loqistik sistemin yaradılmasına dəstək göstərə bilər

Siyasət Materials 13 Noyabr 2012 09:40 (UTC +04:00)

Belçika, Brüssel, 13 noyabr /Trend, müxbir E.Mehdiyev/

NATO Azərbaycan Silahlı Qüvvələrində müasir loqistik sistemin yaradılmasında Bakıya dəstək göstərə bilər. Trend-in məlumatına görə, bu barədə NATO-nun mənzil qərargahında səfərdə olan azərbaycanlı jurnalistlərə bildirilib.

"NATO-nun mükəmməl loqistik sistemi mövcuddur. Biz öz təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq", - NATO-dan qeyd edilib.

Məlumata görə, yaxın perspektivdə NATO-nun üçüncü səviyyəli komandanlıqlarının qərargahlarına da Azərbaycan zabitlərinin göndərilməsi nəzərdə tutulur.

Məlumatda həmçinin bildirilib ki, noyabrın 15-dən NATO-nun Norfolk Hərbi Dəniz komponentində Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti xidmətə başlayacaq.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Norfolkda NATO qərargah zabiti qismində (yəni təmsilçi olmayaraq) çalışacaq.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO-nun baş qərargahı, Mons hərbi qərargahında, həmçinin Madrid, Neapol kimi komponentlərdə NATO qərargah zabitləri olaraq xidmət edirlər.

Ermənistan və Azərbaycan hərbi münaqişə vəziyyətində olduğu üçün NATO bu dövlətlərə silah və texnika satışına embarqo tətbiq edir.

NATO rəsmilərinin sözlərinə görə, buna baxmayaraq, Alyansa üzv ölkələr fərdi qaydada hər iki ölkəyə silah satışı barədə qərar qəbul edə bilər.

Alyans rəsmiləri hesab edirlər ki, NATO-nun Cənubi Qafqaz regionunda hərbi iştirakı bölgədə destabilizasiya yarada bilər.

Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi istiqamətində səylər, PARP və İPAP proqramları üzrə öhdəliklərin icrası, həmçinin Əfqanıstandakı çoxmillətli əməliyyatlara rəsmi Bakının töhfəsi NATO-da yüksək qiymətləndirilib.

NATO-nun iki tərəf asarasında razılaşdırılmış proqramların icrası məqsədi ilə Azərbaycan müdafiə və təhlükəsizlik sektoruna təlim və treyninqlərin keçirilməsi, ekspert yardımlarının göstərilməsi və s. sahələrdə yardımlar göstərdiyi vurğulanıb. NATO, həmçinin Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu (PfP Trust Fund) vasitəsi ilə Azərbaycan və Gürcüstanda demilitarizasiya - mina və partlamamış döyüş sursatlarının zərəsizləşdirilməsi layihələrində iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyinin istəyinə uyğun olaraq, bu il bir neçə dəfə NATO qərargahının zabitləri Azərbaycanda olublar. Müvafiq görüşlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti