...

Mübariz Əhmədoğlu: Ermənilər Gürcüstana təsirini gücləndirib

Siyasət Materials 21 Noyabr 2012 17:00 (UTC +04:00)
Ermənilərin gürcülərə qarşı əsas təbliğat klişesi "türklər və azərbaycanlılar Gürcüstanı öz təsirləri altına alacaqlar" formuludur.
Mübariz Əhmədoğlu: Ermənilər Gürcüstana təsirini gücləndirib

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənilərin gürcülərə qarşı əsas təbliğat klişesi "türklər və azərbaycanlılar Gürcüstanı öz təsirləri altına alacaqlar" formuludur. Bunu çərşənbə günü Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, erməni Apostol kilsəsi Gürcüstana təsirini gücləndirib, erməni diasporunun Cavaxetiya ermənilərinin işlərinə müdaxiləsi artıb və Gürcüstanda yerli ermənilər aktivləşiblər.

"Bu, əsasən, Mixail Saakaşvilinin siyasəti ilə bağlı idi. Nəticədə Gürcüstan cəmiyyəti, eləcə də rəhbərliyi ermənilərlə daha çox hesablaşmağa məcbur oldular. Bidzina İvanişvilinin hakimiyyətə gəlməsi gürcülərin ermənipərəstlikdən əl çəkib qonşularına qarşı nə vaxtsa ədalətli mövqe tutacaqlarına olan ümidləri daha da zəiflətdi", - politoloq deyib.

Onun sözlərinə görə, Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə məşğul olmasına inam tükənir.

Əhmədoğlu hesab edir ki, ermənilərin Azərbaycanın neft infrastrukturlarına mümkün raket zərbələri Azərbaycandan çox Gürcüstana təhlükə yaradır.

"45 milyard dollar qızıl-valyuta ehtiyatına malik Azərbaycan 3-4 il neft-qaz satmasa da, normal yaşaya bilər. Azərbaycanın enerjidaşıyıcılarının Gürcüstan ərazisi vasitəsilə nəqli və Gürcüstanın özünə verilməsi dayanan kimi bu dövlət iqtisadi problemlə üzləşəcək", - politoloq deyib.

O vurğulayıb ki, Gürcüstan ərazisi ilə Ermənistana gətirilən Moldova raketləri Gürcüstanın başı üzərindən asılmış "Domokl qılıncı"dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti