Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi quruma üzv olan dövlətlərin sosial təminat sistemində islahatları müzakirə edir.
Trend-in məlumatına görə, QDİƏT PM Baş Assambleyasının çərşənbə günü keçirilən iclasında mədəniyyət, təhsil və sosial məsələlər müzakirəyə çıxarılıb.
İclasda QDİƏT PM-in ukraynalı sədr müavini Lilia Qriqoroviç məruzə ilə çıxış edərək bildirib ki, sosial təminat sistemi iqtisadi böhranların ayrı-ayrı şəxslərə və bütövlükdə ailələrə vurduğu zərbələrin qarşısını alır.
"İqtisadi böhran dövründə sosial təminat sistemləri sosial-iqtisadi bufer rolu oynayır, insan kapitalının pisləşməsinin qarşısını alır", - o, deyib.
Qriqoroviç qeyd edib ki, QDİƏT üzvləri sosal təminat sisteminin son illər genişmiqyaslı islahatlarına başlayıb və bunu həm mövcud sxemlərin inkişaf etdirilməsi, həm də yenilərinin tətbiq olunması ilə həyata keçirirlər.