...

Dublində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası öz işinə başlayır

Siyasət Materials 5 Dekabr 2012 20:20 (UTC +04:00)
Dekabrın 6-da Dublində işinə başlayacaq ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 19-cu iclasında 50-dən çox xarici işlər naziri iştirak edəcək.
Dublində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası öz işinə başlayır

İrlandiya, Dublin, 5 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Dekabrın 6-da Dublində işinə başlayacaq ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 19-cu iclasında 50-dən çox xarici işlər naziri iştirak edəcək. Trend-in Dublindəki xüsusi müxbirinin məlumatına görə, bu barədə jurnalistlərə ATƏT-in mətbuat katibi vəzifəsini icra edən Frane Maroyeviç bildirib.

Bu, BMT Baş Assambleyasından sonra xarici işlər nazirlərinin ikinci mühüm iclasıdır. İclasda xeyli sayda XİN rəhbəri iştirak edəcək. Belə ki, ikigünlük iclasın iştirakçıları arasında ABŞ-ın dövlət katibi Hillari Klinton, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali rəhbəri Ketrin Eşton, Rusiya XİN rəhbəri Sergey Lavrov, həmçinin Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin xarici işlər nazirləri var.

İclasda müzakirə ediləcək mövzular arasında transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, kiber-cinayətkarlıq və insan haqları yer alacaq.

"Hazırda 57 ölkənin diplomatı müzakirə ediləcək və XİNŞ-in nəticələrinə əsasən qəbul edilməsi mümkün olan sənədlər üzərində işləyirlər. ATƏT XİNŞ çərivəsində bütün qərarlar konsensus əsasında qəbul edilir və bizim vəzifəmiz bütün ölkələrin birgə qərara gəlməsindən ibarətdir", - Maroyeviç vurğulayıb.

Onun sözlərinə görə, iclas çərçivəsində nə qədər sənədin qəbul ediləcəyi hələlik məlum deyil, çünki sənədlər müzakirə mərhələsindədir və iştirakçı ölkələrdən yeni sənədlər daxil olur.

Maroyeviçin sözlərinə görə, ATƏT münaqişələrin nizamlanmasına xüsusi diqqət ayırır. Ötən dövr ərzində Dublində İrlandiyanın bu məsələdə təcrübəsinin müzakirə edildiyi bir neçə tədbir keçirilib. O deyib ki, lakin heç də həmişə digər ölkənin təcrübəsini təkrarlamaq, eləcə də 20 illik tarixi olan münaqişələri bir ilə nizamlamaq mümkün deyil.

Maroyeviç vurğulayıb ki, ATƏT-də hər kəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirir. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İralndiyanın xarici işlər və ticarət naziri İmon Gilmor yayda Bakıya və Yerevana səfəri zamanı bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti