Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Ümummilli lider Heydər Əliyevin vəfat etməsininin ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində anım tədbirləri keçirilmişdir.
Trend-in MTN-nin İctiamiyyətlə Əlaqə Mərkəzinə istinadən verdiyi məlumata görə, əvvəlcə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, Milli Təhlükəsizlik Nazirliyinin xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.
Anım mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etmişdir. Akademiyanın rəisi, general-leytenant Ziya Yusif-zadə anım mərasimini açıq elan etdikdən sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Akademiyanın rəisi Ziya Yusif-zadə cıxışında bildirmişdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə qeyd edilir. Ulu öndəri bizdən ayıran illər ötdükcə onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini daha dərindən dərk edirik. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Təsadüfi deyil ki, 14 iyun 1969-cu il müasir Azərbaycan tarixinə Heydər Əliyevin adı ilə bağlı böyük və zəngin bir mərhələnin başlanğıcı kimi daxil olmuş, gələcək müstəqilliyimizin qarantı olacaq sosial-iqtisadi tərəqqi dövrünə qədəm qoymuşdur. 1969-1982-ci illərdə respublikanın inkişaf proqramlarının reallaşdırılması ilə yanaşı, milli-mənəvi dəyərlərin qorunub-saxlanılması, azərbaycançılıq dünyagörüşünün bərqərar olması Heydər Əliyevin siyasi fəaliyyətinin ana xəttini təşkil edirdi.
Ulu öndər Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri olduğu illərdə də Azərbaycanı daim diqqət mərkəzində saxlayır, qayğısını əsirgəmirdi. Onun qüdrətindən çəkinən erməni millətçiləri bir dəfə də olsun Dağlıq Qarabağla bağlı ərazi iddialarını açıq şəkildə səsləndirməyə cürət etmədilər. Təsadüfi deyil ki, məlum hadisələr məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra başlandı.
Xalqın təkidli tələbi ilə Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı zamanı ölkədə ictimai-siyasi və sosial-iqtisadi durum son dərəcə ağır idi, onun qarşısında olduqca ağır və taleyüklü vəzifələr dururdu. Ümummilli lider hakimiyyətə qayıtdığı ilk günlərdən respublikada sabitliyin təmin edilməsi istiqamətində tədbirlər görməyə başladı. Sosial-iqtisadi tənəzzülün qarşısı alındı, ölkə inkişaf və beynəlxalq aləmə inteqrasiya yoluna qədəm qoydu. Sonralar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan stateji, möhtəşəm layihələr məhz Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi idi.
Bu gün Azərbaycan müstəqillik yolunda inamla addımlayır. Xalqımızın güvənc yeri, ulu öndərin layiqli siyasi varisi İlham Əliyevin praqmatik daxili və xarici siyasətinin nəticəsində ölkəmiz inanılmaz dərəcədə dəyişərək, bir neçə onilliklərə bərabər yol keçmişdir. Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş və elmi əsaslara söykənən sosial-iqtisadi strategiyanın həyata keçirilməsi bütün sahələrdə davamlı inkişafı təmin etmiş, ölkənin iqtisadi və sosial həyatında böyük nailiyyətlər əldə olunmuşdur. Bu siyasət hər bir Azərbaycan vətəndaşının, ölkəmizdə yaşayan bütün insanların maddi və sosial rifahının yüksəlməsinə xidmət edir.
Dövlət başçısı İlham Əliyevin son illərdə həyata keçirdiyi çoxsahəli dövlətçilik və diplomatik fəaliyyətin məntiqi nəticəsidir ki, Azərbaycan Respublikası 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Beynəlxalq aləmdə söz və nüfuz sahibinə, regionda qüdrətli dövlətə və sülhün qarantına çevrilmiş, beynəlxalq enerji təminatında əhəmiyyətli rola malik olan, tolerant ölkə kimi nümunə sayılan, iqtisadi inkişaf səviyyəsinə görə dünyada ön sıralara çıxmış müstəqil dövlətimiz qlobal təhlükəsizlik sisteminin qorunması işinə, eyni zamanda, sivilizasiyaların dialoquna, mədəniyyətin inkişafına öz səmərəli töhfələrini verir.
Mərasimdə çıxış edən Akademiyanın fakültə rəisi general-mayor F.Təhməzov, kafedra rəisi C.Qasımov, ali kursların dinləyicisi leytenant V.Abdullayev, kursantlar E.Cəfərli və C.Qarakişizadə ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildirmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alanlara, milli təhlükəsizliyin keşikçilərinə bəslədiyi inam və etimadını qeyd edən natiqlər bildirmişlər ki, Ali Baş Komandannın yaxın silahdaşı nazir Eldar Mahmudov başda olmaqla Heydər Əliyev irsinə və amallarına həmişə sadiq olacaq, Vətənin müstəqilliyini və suverenliyini qoruyacaq, bütün Azərbaycan gəncləri kimi onlar da möhtərəm Prezident İlham Əliyevin ətrafında daim sıx birləşəcək, dövlətimizin qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklər.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.