Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Ermənistanda seçkiqabağı vəziyyətə dair brifinq keçirib.
Trend-in məlumatına görə, SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Ermənistanda gələn ilin fevral ayının 18-nə təyin olunmuş prezident seçkiləri bu dövlətə xas olan siyasi intriqalar ənənəsini hələ seçkiqabağı kampaniyanın ilk mərhələsində itirib.
O qeyd edib ki, 2012-ci ilin may ayında keçirilmiş parlament seçkilərindən sonra Ermənistanın siyasi mənzərəsi dəyişib, Ermənistan cəmiyyətinin bu ölkədə baş verən hadisələrin mahiyyətini anlaqlı dərk edə bilmədiyini nümayiş etdirib.
Məmmədovun sözlərinə görə, rəsmi məlumatlara əsasən, 2011-ci ildə Ermənistanda əhalinin yoxsulluq həddi 35 faizə çatıb.
"Əgər xarici ölkələrdən daxil olan transfertləri çıxsaq, müvafiq göstərici ölkə sakinlərinin 53 faizini əhatə edəcək. Bundan başqa, əhali təbii özünümüdafiə instinktini tamamilə itirib, seçicilərin elektoral fəallığı əsasən iki amilə - qorxu hissinə və maddi marağa söykənib. Məhz seçicilərə hədə-qorxu gəlmək, onları pul ilə ələ almaq sayəsində Prezident Serj Sarkisyana aid olan Ermənistan Respublikaçılar Partiyası və Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası seçkiqabağı kampaniyanın favoritlərinə çevrilib, ölkə parlamentində çoxsaylı fraksiyalar formalaşdırmağa nail olublar", - Məmmədov deyib.
Onun sözlərinə görə, Levon Ter-Petrosyan, Raffi Ovanesyan, Stepan Dəmirçyan kimi müxalifət liderləri hələ də ümumi razılığa gələ bilməyib, müxtəlif siyahılarla çıxış edərək müxalifət elektoratını parçalayıblar. Beləliklə, hazırda bu ölkədə əhalinin ictimai narazılığını istiqamətləndirməyi bacaran, digər tərəfdən öz addımlarını Ermənistanın xarici sponsorları ilə razılaşdıra bilən xarizmatik müxalifət lideri yoxdur.
SAM direktoru bildirib ki, Serj Sarkisyan hakimiyyətini sarsıda biləcək yeganə qüvvə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın siyasi potensialı və ona yaxın olan "Çiçəklənən Ermənistan", eləcə də "Daşnaksütyun" partiyalarıdır.
"Robert Köçəryan son vaxtlaradək özünün prezident seçkilərində iştirak edib-etməməsinə dair çoxmənalı bəyanatlar versə də, hələ də konkret mövqeyini bildirməyib. Qeyd edək ki, Köçəryanın arsenalında ölkə daxilindəki iki nüfuzlu siyasi qüvvə və Rusiya rəhbərliyinə birbaşa çıxış imkanları var", - Məmmədov deyib.
O qeyd edib ki, 2012-ci ilin yay və payız ayları ərzində Serj Sarkisyanın inzibati aparatı və güc strukturları bütün imkanlarını "Çiçəklənən Ermənistan" partiyasının siyasi proseslərdən kənarlaşdırılmasına yönəltmişdilər.
"İlk mərhələdə "Çiçəklənən Ermənistan" bir neçə nazir postunu və yerli hakimiyyət orqanlarındakı təmsilçilərini itirərək hakim koalisiyadan kənarda qalıb. Daha sonra partiya siyahısındakı ikinci şəxs - Robert Köçəryanla yaxınlığı ilə seçilən Vardan Oskanyan barədə cinayət işi qaldırılıb. Eyni zamanda, Qagik Tsarukyanın biznesinə onun qudası, parlamentin spikeri Ovik Abramyan vasitəsilə təzyiqlər edilib", - Məmmədov bildirib.
Onun sözlərinə görə, Serj Sarkisyan xarici sponsorların ona qarşı alternativ qüvvədən istifadə etmələrinin və ya Ermənistanın xarici siyasətin gündəmində olan prinsipial məsələlərlə şantaj olunmasının qarşısını almaq üçün əlindən gələni edib.
"Əvvəlki proqnozlarımızda qeyd olunduğu kimi, Ermənistan Avrasiya İttifaqına və Gömrük ittifaqlarına daxil olmaq və ya bundan imtina etmək barədə həlledici qərar vermək səlahiyyətinə malik deyil. Eyni zamanda, Ermənistan 800 milyondan bir milyard avroyadək məbləğdə kredit almaq məqsədilə Avropa İttifaqı ilə fəal danışıqlar aparır və sponsorlar sammitinə hazırlaşır. Bu məbləğ yalnız 2012-ci ilin büdcə kəsirini bağlamağa və ölkədə bir neçə əhəmiyyətsiz layihəni yekunlaşdırmağa imkan verə bilər. Ermənistanın 2013-cü il büdcəsində investisiya layihələri nəzərdə tutulmadığına görə onu "yaşamaq uğrunda mübarizə büdcəsi" də adlandırırlar", - Məmmədov deyib.
Mərkəz direktorunun sözlərinə görə, bütün bunlara və digər amillərə əsasən belə nəticəyə gəlmək olar ki, Ermənistanda növbəti prezident seçkiləri praktiki olaraq alternativsizlik şəraitində keçiriləcək. Əhali qorxu və maddi ehtiyac üzündən Serj Sarkisyana səs verməli olacaq. Sarkisyan prezident seçkilərində qalib gəlmək üçün taktiki məsələləri həll etsə də, gələcəkdə strateji vəzifələrin icrasında daha böyük problemlərlə üzləşəcək.
"Rəsmi Yerevanın Rusiyanın geosiyasi layihələrində iştirakdan imtina etməsi, Türkiyə ilə sərhədlərin bağlı olması üzündən Avropaya tam inteqrasiya imkanından məhrum olması Serj Sarkisyanı elə ciddi maneələrlə qarşı-qarşıya qoyub ki, Ermənistan indiki şəraitdə onları dəf etməyə qadir deyil. Bu baxımdan, iqtisadi, siyasi və sosial tənəzzül dövrünü yaşayan ölkədə Serj Sarkisyanın irəli sürdüyü "Zəngin Ermənistana doğru" seçkiqabağı şüarı, əslinə qalsa, siyasi populizm və riyakarlıq nümunəsi kimi dəyərləndirilməlidir", - Məmmədov deyib.