...

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 21 Dekabr 2012 19:13 (UTC +04:00)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Fatih Ceylan başçılıq edib.
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Fatih Ceylan başçılıq edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin hazırkı vəziyyəti, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində imzalanmış sənədlərin müddəalarının tələb etdiyi məsələlərin həyata keçirilməsində qarşıya qoyulmuş tapşırıqlar müzakirə edilib. Həmçinin, Türkiyə ilə Azərbaycan arasında regional münasibətlərlə yanaşı, beynəlxalq çərçivədə əməkdaşlığın mühümlüyü vurğulanıb, diaspor təşkilatlarının birgə fəaliyyəti üçün ortaq mexanizmlərin olmasının vacibliyi qeyd edilib. İkitərəfli münasibətlərin ümumi səviyyəsindən məmnunluq ifadə edilməklə yanaşı, bunun daha dinamik şəkildə reallaşdırılması yollarına toxunulub.

Nazir müavini Xələf Xələfov Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, iki ölkənin maraqlarının bütün sahələrdə üst-üstə düşdüyünü bildirib, nəinki regionda, həmçinin beynəlxalq səviyyədə birgə fəaliyyətin məhsuldar nəticələrinin olduğunu xatırladıb. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Türkiyənin dəstəyinin əhəmiyyətini vurğulayaraq, bunun davam etdirilməsinin regionda sülhün bərqərar olmasına xidmət etməklə yanaşı, status-kvonun dəyişdirilməsinə birbaşa təsir edəcəyi bildirilib. Xələfov ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın destruktiv mövqeyini qeyd edib, Türkiyənin Ermənistanla sərhədlərinin münaqişənin həll olunmayana qədər açmayacağına dair yüksək səviyyədə bəyanatlarını məmnunluqla xatırladaraq, buna ictimaiyyətin olduqca həssas yanaşdığını söyləyib.

Nazir müavini Xələf Xələfov və türkiyəli həmkarı Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən enerji, nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar. Xələf Xələfov regionda stabilliyin və davamlı inkişafın təmin olunmasında başlıca maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu göstərib. O, Azərbaycanın hazırda siyasi, iqtisadi, beynəlxalq institutlar çərçivəsində güclü bir dövlət olduğunu, regional layihələrin həyata keçirilməsində başlıca rol oynadığını qeyd edib, Ermənistanın işğalçı siyasətinin rəsmi Yerevanın bütün regional layihələrdən təcrid olunduğuna gətirib çıxardığını bildirib, Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasının zəruriliyini vurğulayıb.

Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti