...

Aydın Mirzəzadə: “Freedom House”-un Dağlıq Qarabağ ərazisini ayrıca qeyd etməsi beynəlxalq hüquq normalarını ələ salmaqdır

Siyasət Materials 17 Yanvar 2013 12:17 (UTC +04:00)
"Freedom House"-un Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini "qismən azad" zona kimi ayrıca qeyd etməsi beynəlxalq hüquq normalarını ələ salmaq cəhdidir.
Aydın Mirzəzadə: “Freedom House”-un Dağlıq Qarabağ ərazisini ayrıca qeyd etməsi beynəlxalq hüquq normalarını ələ salmaqdır

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir M.Əliyev/

"Freedom House"-un Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisini "qismən azad" zona kimi ayrıca qeyd etməsi beynəlxalq hüquq normalarını ələ salmaq cəhdidir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, "Freedom House"-un yerləşdiyi ABŞ dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin həmin təşkilat işğal olunmuş zonanı ayrıca ərazi kimi göstərir.

"İldən-ilə "Freedom House" təşkilatı dünya ictimaiyyətinə özünü beynəlxalq hüququ tanımayan, dövlətlər haqqında mənfi rəy yaratmağa çalışan bir struktur kimi göstərir. Tək Azərbaycanla bağlı deyil, digər ölkələrə münasibətdə də ifrata varmış, həqiqətə uyğun olmayan informasiyalar bu təşkilatın artıq vizit kartına çevrilib", - Mirzəzadə deyib.

Deputat qeyd edib ki, təşkilat eyni zamanda, işğalçı Ermənistanı "qismən azad" ölkə kimi göstərib.

"Ermənistan nədən azaddır? Azaddırsa, əhalisi oradan niyə durmadan köçür, qonşu dövlətlərlə sərhədləri niyə bağlıdır, niyə beynəlxalq təşkilatların sənədlərində Ermənistan işğalçı dövlət kimi tanınır? Həmçinin Azərbaycanda demokratiya, insan hüquqları ilə bağlı çoxsaylı işlərin görüldüyü halda Azərbaycanı ən aşağı kateqoriyaya salmaq "Freedom House"-un hesabat təsisçilərinin ümumiyyətlə hüquqdan və demokratiyadan anlayışının olmadığını göstərir. Sanki bu təşkilat beynəlxalq ictimaiyyətlə üz-üzə durmaq məqsədini daşıyır", - Mirzəzadə qeyd edib.

Millət vəkili vurğulayıb ki, "Freedom House"-un məqsədi hansısa bir dövləti, orada gedən proseslərdən asılı olmayaraq qaralamaq və dünya ictimaiyyətində mənfi rəy yaratmaqdan ibarətdir. "O cümlədən bunu islam dünyası haqqında verdiyi rəylər də göstərir", - Mirzəzadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti