...

Seymur Orucov: Leyla Yunus hər zaman Azərbaycan xalqına qarşı hörmətsizlik edib

Siyasət Materials 23 Yanvar 2013 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi (YAP GB) azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasını qəti şəkildə pisləyir.

"Mən Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan ermənipərəst saytın fəaliyyətini qəti şəkildə pisləyirəm", - Trend-in məlumatına görə, bunu YAP GB-nin sədri Seymur Orucov Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın "Region" araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni antiazərbaycan layihəsinin həyata keçirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər bir dövlətin özünün daxili və xarici siyasəti vardır. Azərbaycan müstəqil dövlət olaraq öz daxili və xarici siyasətini uğurla davam etdirir.

"Cənab Prezident İlham Əliyevin də xarici siyasətdə belə bir mövqeyi vardır ki, qarşılıqlı münasibətlər çərçivəsində biz qonşu dövlətlərlə öz əlaqələrimizi qururuq. Lakin Britaniyanın ölkəmizdəki səfirliyi bu kimi fəaliyyətlərə əl atırsa, bu, ilk növbədə demokratiyanın beşiyi sayılan İngiltərənin antidemokratik düşüncələrindən xəbər verir. İkincisi, bu, Azərbaycanın daxili işinə qarışmaqdır. Üçüncüsü isə bu, münaqişənin həllindəki proseslərə mənfi təsir edə biləcək nəticələrə gətirib çıxara bilər. Britaniya səfirliyi yaxşı olardı ki, getsin öz dövlətinin siyasətini təbliğ etsin. O, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ermənipərəst mövqeyini özünə saxlamalıdır. Ümid edirik ki, bu dövlət müəyyən müddətdən sonra öz səhvlərini anlayacaq", - Orucov bildirib.

Həmin saytın fəal üzvlərindən biri olan Leyla Yunus haqqında fikirlər söyləyən YAP GB sədri deyib ki, bu insan hər zaman ermənipərəst mövqeyi ilə seçilib.

"Bu şəxs hər dəfə Azərbaycan dövlətinə və xalqına qarşı çox böyük hörmətsizlik edib. Yunus Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla nə özünə müsbət tərəfdaş toplaya biləcək, nə də cəmiyyət bu cür şəxsləri qəbul edəcək. Bizim xalqımız hər şeyi özü ayırd etməyi bacarır və nəyin düz, nəyin səhv olduğunu çox gözəl başa düşür", - Orucov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti