Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/
Bu gün Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının təsis konfransı keçirilir.
Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, konfransda 3 ölkənin nümayəndələri təmsil olunur.
Toplantıda Azərbaycanın daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyənin Jandarm baş komandanı, ordu generalı Bəkir Kalyoncu, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev iştirak edir.
Assosiasiyanın Bakıda keçiriləcək toplantısında Qazaxıstan Daxili Qoşunlarının komandanı, general-mayor Ruslan Jaksılıkovun da iştirakı gözlənilsə də, Qazaxıstan tərəfi iclasa bir neçə gün qalmış Assosiasiyanın işində iştirak etməkdən imtina edib. Monqolustandan olan müvafiq qurumun rəhbəri isə qeyri-sabit hava şəraitinə görə Bakıya gələ bilməyib.
Konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Xatırladaq ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının təsis edilməsi haqqında niyyət protokolu 2011-ci ildə Türkiyənin paytaxtı Ankarada imzalanıb.