...

Mehriban Əliyeva: Azərbaycanın sürətli inkişafı beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz I Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək

Siyasət Materials 2 Fevral 2013 23:06 (UTC +04:00)
I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcəkdir. Trend-in məlumatına görə, bunu bu gün Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxışı zamanı Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva deyib.
Mehriban Əliyeva: Azərbaycanın sürətli inkişafı beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz I Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək

Azərbaycan, Bakı, 2 fevral /Trend /

I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcəkdir. Trend-in məlumatına görə, bunu bu gün Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxışı zamanı Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva deyib.

"2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir" Mehriban xanım Əliyeva çıxışında qeyd edib.

Birinci xanımın sözlərinə görə, şübhəsiz ki, bu hadisə ölkəmizin, Azərbaycanın növbəti qələbəsidir.

"Cənab Prezident, icazə verin, ilk növbədə, bu qələbə münasibətilə Sizi təbrik edim və Təşkilat Komitəsinin bütün üzvləri adından bizə göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı bildirim. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında, "Eurovision-2012" mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, I Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik və bütün gücümüzlə çalışacağıq ki, göstərdiyiniz etimadı doğruldaq" birinci xanım qeyd edib.

Mehriban xanım Əliyeva bildirib ki, I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub.

"Bu oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən min olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman növündən minimum 12-ci və iki qeyri-Olimpiya idman növü daxil olmalıdır. Bu, ümumi qaydalardır. Yarışların 17 Olimpiya idman növü üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu artıq daxil olmuşdur. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 daxildir. Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və bu gün səsləndirilən göstəricilər dəyişə bilər. Proqrama daxil olacaq iki qeyri-Olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə danışıqlar aparılır" Mehriban xanım Əliyeva çıxışında vurğulayıb.

Təşkilat Komitəsinin sədri deyib ki, Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir.

"Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", "Sərhədçi" İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri diqqətinizə çatdırmaq istərdim. Güləş və cüdo idman növləri üzrə yarışların 7 min 100 yerlik Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilməsi nəzərdə tutulub. 25 min tamaşaçı tutumu olan "Baku Crystal Hall"da həndbol və voleybol idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Reqbi-7 idman növü üzrə yarışların 11 min tamaşaçı tutumu olan 8-ci Kilometr stadionunda keçirilməsi nəzərdə tutulub. Stolüstü tennis, qılıncoynatma və taekvondo idman növləri üzrə yarışların Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulub. Boks üzrə yarışların 3 min 250 yerlik "Sərhədçi" İdman Kompleksində, badminton üzrə yarışların 1628 yerlik Əl Oyunları Sarayında, kamandan oxatma üzrə yarışların isə 7 min yerlik "Şəfa" stadionunda keçirilməsi nəzərdə tutulub. I Avropa Oyunları zamanı idman və bədii gimnastika üzrə yarışların Gimnastika Kompleksində keçirilməsi nəzərdə tutulub. Üzgüçülük və suyatullanma üzrə yarışların Bakıda inşa olunan Su İdman Növləri Mərkəzində keçirilməsi nəzərdə tutulub. Su polosu üzrə yarışların keçirilməsi üçün Mərkəzin yanında müvəqqəti arena inşa olunmalıdır. Atletika üzrə yarışlar keçirilsə, 32 min 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə oluna bilər. Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün dənizkənarı bulvarda müvəqqəti arenanın inşası tələb olunur" Mehriban xanım Əliyeva bildirib.

Birinci xanımın sözlərinə görə, I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar başlanmışdır.

"Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülür. I Avropa Oyunları mövzusunda açıq loqotip müsabiqəsi artıq elan edilmişdir.
Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Hazırda medalların dizaynı ilə bağlı təkliflər hazırlanmaqdadır.
Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılmalıdır. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və "Baku Crystal Hall"dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaqdır. Oyunların keçiriləcəyi müddətdə, yəni, 2015-ci ilin iyun, iyul aylarında Bakıya çoxsaylı qonaqlar gələcək. İdmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan otel komplekslərindən də istifadə olunacaqdır" Təşkilat Komitəsinin sədri bildirib.

Mehriban xanım Əliyevanın sözlərinə görə, tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir.

"Birinci addım olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanmalıdır. Dünya mediasında I Avropa Oyunlarının keçirilməsi barədə informasiyanın yayılmasına, ümumiyyətlə, Azərbaycan haqqında, xüsusilə idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə nəşrlərin, reklam çarxlarının hazırlanması, baner və posterlərin quraşdırılmasına geniş kampaniya şəklində bu ildən başlamaq lazımdır. Avropanın və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin təbliğat kampaniyasına cəlb olunması, onlarla əməkdaşlıq perspektivləri müzakirə olunmalıdır. Bu gün bütün dünyada mötəbər tədbirlərin keçirilməsinə gənclərin cəlb olunması geniş vüsət alıb. Bizim bu sahədə böyük təcrübəmiz vardır. "Eurovision-2012" mahnı müsabiqəsini hazırlayanda biz gənclərin, könüllülərin yardımından çox gözəl istifadə etmişdik və gənclərimiz özlərini çox gözəl göstərmişdi. Ona görə də I Avropa Oyunlarının təşkilati işlərində də könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulub" birinci xanım deyib.

Təşkilat Komitəsinin sədrinin sözlərinə görə, I Avropa Oyunlarının yayımı xüsusi əhəmiyyət kəsb edir.

"Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Oyunların keçirilməsinə beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində işlər görülür. I Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır. Şəhər infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətin optimallaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi üzrə təkliflər bütün cavabdeh təşkilatlar tərəfindən hazırlanır. Bugünkü müşavirədə biz oyunların qaydaları və keçirilməsi haqqında və əldə olunmuş informasiyanı və fəaliyyətimizin əsas istiqamətlərini müzakirə edirik. İcrası vacib olan əsas məsələlərin həlli ilə bağlı aparılmış monitorinqlərin nəticələrini təqdim edirik. Monitorda gördüyünüz məlumatlar ümumi xarakter daşıyır. Oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır. Həmin tədbirlər planı qısa müddət ərzində Sizin diqqətinizə təqdim olunacaqdır. Sonda bir daha, cənab Prezident, bizə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, I Avropa Oyunları ölkəmizin tarixində Sizin və hər bir azərbaycanlının növbəti qələbəsi kimi qalacaqdır. Diqqətinizə görə çox sağ olun" Mehriban xanım Əliyeva çıxışının sonunda qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti