Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Ağayeva/
ATƏT-in Bakı Ofisi onlarda yoxlama aparılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
ATƏT-in Bakı Ofisindən Trend-ə bildiriblər ki, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib.
"Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir", ATƏT-in Bakı Ofisinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur.
"Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik", bəyanatda bildirilib.