...

Riçard Morninqstar 1918-ci ildə azərbaycanlılara qarşı törədilən qətliamı pislədi

Siyasət Materials 28 Mart 2013 13:50 (UTC +04:00)
Daha sonra Riçard Morninqstar ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının bariz nümunəsi olan Quba kütləvi məzarlığını ziyarət edib. Səfirə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə ətraflı məlumat verilib.
Riçard Morninqstar 1918-ci ildə azərbaycanlılara qarşı törədilən qətliamı pislədi

Azərbaycan, Bakı, 28 mart /Trend/

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Quba rayonuna səfər edib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, səfir öncə Quba Rayon İcra Hakimiyyətində görüş keçirib. Riçard Morninqstara Quba rayonunun tarixi, yerli əhalinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib.

Daha sonra Riçard Morninqstar ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının bariz nümunəsi olan Quba kütləvi məzarlığını ziyarət edib. Səfirə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə ətraflı məlumat verilib.

Səfirin nəzərinə çatdırılıb ki, Quba məzarlığı 2007-ci ilin aprelində aşkarlanıb. Məzarlıqdan çoxu uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Səfir jurnalistlərə açıqlamasında 1918-ci ildə baş verənlərin yerli əhali üçün və ümumilikdə Azərbaycan xalqı üçün çox ağrılı hadisələr olduğunu bildirib.

Onun sözlərinə görə, günahsız əhalinin həyatını itirməsi ilə nəticələnən bütün hadisələr qəbuledilməzdir və faciədir. Bu kimi faktlar Azərbaycan xalqına bu qədər ağrılı günlər yaşadan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda birdəfəlik həll olunmasının vacibliyini sübut edir.

Səfir günün ikinci yarısında Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbədə, xalçaçılıq müəssisəsində olacaq, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti