...

Bakıda "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildli roman-tədqiqatının təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 18 Aprel 2013 18:17 (UTC +04:00)
Bu gün Heydər Əliyev Mərkəzində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildli roman-tədqiqatının təqdimat mərasimi keçirilib.
Bakıda "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildli roman-tədqiqatının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bu gün Heydər Əliyev Mərkəzində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildli roman-tədqiqatının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, roman-tədqiqat ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə münasibətlər, Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, Prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb.

2012-ci ilin sonlarında yekunlaşmış 6 cildlik əsər Azərbaycanda və respublika hüdudlarından kənarda oxucu kütləsi arasında geniş rezonans doğurub.

Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimov təqdimat mərasimini açıq elan edərək bildirib ki, Heydər Əliyevin xeyir-duası ilə üzərində iş başlanılan və müəllifin çoxillik əməyi nəticəsində yaradılan çoxcildli roman-tədqiqat Azərbaycanın böyük oğlunun irsinin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə ilk cildlərinin 2008-ci ildə Moskvada təqdimatı keçirilən çoxcildliyin bütün cildlərinin nəşr edilməsi Heydər Əliyevin 90-cı ildönümü ərəfəsində əlamətdar hadisədir.

Bu qiymətsiz əsər dahi şəxsiyyət Heydər Əliyevin çoxtərəfli fəaliyyətini əhatə edir, arxiv sənədlər əsasında onun həyatından bəhs edir. Çoxcildlik nəşr dövlətçiliyin qurulması ilə bağlı Heydər Əliyevin irsinin və onun siyasi fəaliyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Roman-tədqiqatın vacib rol oynayacağına əmin olduğunu bildirən Kərimli qeyd edib ki, nəşr bu silsilədən ilkdir və tarixi sənədlər və zəngin informasiya əsasında hazırlanıb.

Onun qənaətincə, təqdimatın Heydər Əliyev Mərkəzində keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Məhz bu Mərkəz qarşısında ümummili lider Heydər Əliyevin irsinin, həyat və faəliyyətinin, dövlətçilik ənənələri və azərbaycançılığının tədqiqatı və təbliğatı ilə məşğul olmaq tapşırığı dayanıb. Kərimli qeyd edib ki, Mərkəz ölkədə bu istiqamətdə aparılan bütün işləri əlaqələndirir.

O deyib ki, roman-tədqiqat yüksək peşəkar səviyyədə yazılıb və Azərbaycan xalqının böyük oğlunun irsinin öyrənilməsi və təbliği üçün böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, roman-tədqiqat Heydər Əliyev Mərkəzinin zəngin arxivinin mirvarisi olacaq.

Təqdimat mərasimində Qazaxıstanın görkəmli şairi, alimi, ictimai dövlət xadimi Oljas Süleymenovun təbrik məktubu oxunub. Oljas Süleymenov çoxcildli roman-tədqiqata ön söz yazıb. Süleymenov təbrik məktubunda belə romanın işıq üzü görməsi münasibətilə oxucuları təbrik edir. Onun fikrincə, tarixçilər, siyasətçilər, gələcək nəsil bu nəşrə dəfələrlə müraciət edəcəklər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar təqdimat mərasimində deyib ki, Elmira Axundovanın əsərində iki qəhrəman - Heydər Əliyev və zaman var. Onun sözlərinə görə, çoxcildli roman-tədqiqat həm Heydər Əliyevin Sovet dövründəki həyat və faəliyyəti, həm də Azərbaycanın müstəqil illərindəki işindən bəhs edir. Anar qeyd edib ki, müəllifin peşəkarlığı və konsepsiyası sayəsində oxucular dahi şəxsiyyətin həyat və faəliyyəti barədə çox şey öyrənəcəklər. Müəllif Heydər Əliyev və onun zamanı barədə obyektiv fikir bildirməyi bacarıb.

"Heydər Əliyev haqqında xeyli kitab yazılıb. Əminəm ki, bu böyük insan haqqında ən fundamental əsər məhz bu roman-tədqiqat olacaq", - Anar bildirib.

Heydər Əliyevin Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri olduğunu qeyd edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən Akif Əlizadə bildirib ki, onun irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması çox böyük əhəmiyyətə malikdir və bu mənada Elmira Axundovanın roman-tədqiqatı bu işə böyük töhfə verəcək

Əlizadə Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolunu xüsusilə qeyd edib. "Heydər Əliyev öz həyat ideologiyasına görə böyük alimdir, Heydər Əliyevin bilik və zəkası tandem yaradaraq onu dahi şəxsiyyətə çevirib. O, humanist elmi ideyalara əsaslanaraq, öz xalqını işıqlı gələcəyə apardı və onun irsi hələ bir çox illər öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır", - o bildirib.

Əlizadənin sözlərinə görə, Elmira Axundovanın roman-tədqiqatı Azərbaycan xalqının dahi oğlunun irsinin öyrənilməsi işinə vacib töhfə verəcək.

Təqdimat mərasimində çıxış edən Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev, yazıçı Natiq Rəsulzadə, çoxcildli roman-tədqiqatın redaktoru bu əsərin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin geniş irsinin öyrənilməsinə böyük töhfəsini qeyd ediblər.

Mərasimdə çıxış edən çoxcildli roman-tədqiqatın müəllifi Elmira Axundova "həyatının ən qiymətli yaradıcılıq layihəsi"nin təqdimatı ilə əlaqədar öz sevinc və həyəcanını toplaşanlarla bölüşüb.

Axundova çoxcildliyin işıq üzü görməsinə yardım edən hər kəsə təşəkkür edib. O, Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. Məhz İlham Əliyevin tapşırığı ilə müəllifə Heydər Əliyevin şəxsi arxivinə çıxış imkanı verilib.

"Həmin insanlar sayəsində bu ağır və məsuliyyətli əməyi başa çatdırmağa nail olmuşam. Bu, ilk növbədə, mənim əsərimin qəhrəmanı Heydər Əliyevdir. O, mənim mənəvi atamdır", - Axundova deyib.

"Heydər Əliyev 1993-cü ilin aprel ayının əvvəlində bu kitabın yazılması üçün şəxsən mənə icazə və xeyir-dua verib. Göstərilən etimad mənim məsuliyyətimi xeyli artırdı. Məhz onun unikal şəxsiyyəti kitabın uğurunun əsas səbəbi oldu", - müəllif qeyd edib.

Axundova, həmçinin çoxcildli roman-tədqiqatın hazırlanmasında dəstək və məsləhətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Məhz onların yardımı və təşəbbüsü ilə 2008-ci ildə Moskvada çoxcildliyin ilk kitabının təqdimatı keçirilib.

"Bütün bunlar mənə kitab üzərində işləmək üçün güc verdi", - müəllif qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti