Azərbaycan, Bakı, 24 aprel /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində Knessetin sədri Yuli Edelşteynlə görüşüb.
Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Elmar Məmmədyarovun İsrailə səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğu qeyd edilib.
Həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilib. Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Knesset sədri İsrailin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Elmar Məmmədyarovu müşayiət edən Azərbaycanın yəhudi təşkilatlarının nümayəndələri yəhudilərin Azərbaycanda tarixən birgə yaşadıqlarını bildirib və ölkəmizdəki tolerantlıqdan söz açıblar.
Yəhudi təşkilatlarının nümayəndələri Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayıblar və bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əmin olduqlarını bildiriblər.