Azərbaycan, Bakı, 25 aprel / Trend müxbir M.Əliyev/
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlunu ilə Azərbaycan ilə İƏT arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edib. Trend-in məlumatına görə, bu barədə XİN mətbuat xidmətindən bildirilib.
İƏT Baş katibi Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etmiş və ölkəmizin təşkilat içindəki fəaliyyətini yüksək qiymətləndirib.
Görüş zamanı həyata keçiriləcək birgə layihələr və təşkilatın gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) həyata keçirdiyi humanitar aksiyalar haqda söz açılmış və sözügedən aksiyalar yüksək qiymətləndirilib.