Azərbaycan, Bakı, 15 may / Trend, müxbir M.Əliyev/
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan haqları və Sosial siyasət komitələrinin birgə iclasında Miqrasiya Məcəlləsinin layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunmuş sənəd ikinci oxunuşa təqdim olunacaq. O bildirib ki, məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.
Qanun layihəsində qeyd olunur ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması və ya yaşaması Azərbaycanın suverenliyinə, ərazi bütönlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, həmçinin vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər.
Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı isə məhdudlaşdırılmır.
Eyni zamanda sənəddə bildirilir ki, Azərbaycanın ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir.
Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə də daxil edilir.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.