...

Tahir Kərimli: Milli Şura real vəziyyətin təsviri deyil, utopik ideyadır

Siyasət Materials 17 May 2013 16:42 (UTC +04:00)
Vəhdət Partiyasının sədri hesab edir ki, Azərbaycanın müxalifət düşərgəsindən prezidentliyə iddialı hər hansı şəxs Azərbaycanda sabitliyi, əmin-amanlığı təmin etməq iqtidarında deyil.
Tahir Kərimli: Milli Şura real vəziyyətin təsviri deyil, utopik ideyadır

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Mehdiyev/

Vəhdət Partiyasının sədri hesab edir ki, Azərbaycanın müxalifət düşərgəsindən prezidentliyə iddialı hər hansı şəxs Azərbaycanda sabitliyi, əmin-amanlığı təmin etməq iqtidarında deyil.

"Hətta müxalifətdən özünü ciddi namizəd hesab edən hər hansı şəxs sabitliyi təmin edəcəyi ilə bağlı vəd vermir. Bu onu göstərir ki, müxalifət liderləri öz təşkilatlarının ayrılıqda və ya birlikdə gücünə inanmırlar", - Trend-ə partiya sədri Tahir Kərimli deyib.

O qeyd edib ki, son zamanlar bəzi müxalif dairələr müxalifəti birləşdirmək üçün Milli Şura ideyasına ümid edirlər: "Ancaq Milli Şura real vəziyyətin təsviri deyil, hansısa utopik ideyadır. Hətta Milli Şuranı hüquqi bir model kimi irəli sürsək, konstitusiyaya ziddiyyət təşkil edir. Həm siyasi, həm hüquqi, həm də ictimai tərəflərini düşünərək, hesab edirəm ki, Milli Şura yaransa belə, vahid namizədliyi əldə edə bilməyəcək".

Onun sözlərinə görə, ümumilikdə müxalifətin vahid namizədlə çıxış etməsinə heç ümid yoxdur.

Kərimlinin fikrincə, artıq müxalifət liderləri və müxalifət təşkilatlarının rəhbərləri açıq-aydın başa düşürlər ki, seçkilərdə qalib gəlmək şansları yoxdur: "Ona görə də onlar prezident olmaq uğrunda mübarizə aparmırlar. Onlar müxalifət düşərgəsində 1-ci lider, 1-ci təşkilat olmaq uğrunda mübarizə aparırlar. Onlar hədsiz qeyri-səmimidirlər, bir-birilərini vaxtında müdafiə etməyiblər, hətta indi də bir-birilərini sosial şəbəkələrdə gözdən salırlar ki, başqası gözdən düşsə, özləri daha böyük, daha şanslı görünər. Belə olan halda bunların birliyi də bir səmərə verə bilməz. Qeyri-səmimi birlik nə verəcək?".

Müxalifətdə vahid namizədi müəyyən etmək üçün vaxt azlığının olduğu barədə fikirlərə münasibət bildirən Kərimli qeyd edib ki, onlar əvvəlcədən məğlub olacaqlarını bilirdilər və gələcək məğlubiyyətlərini sığortalamaq üçün müəyyən bəhanələr axtarırlar: "Öz fikirlərini tamamilə əks arqumentlərlə əsaslandırırlar. Əvvəl vahid namizəd məsələsini tez sayırdılar, indi isə gec sayırlar. Bütün bunlar sadəcə bəhanədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti