Azərbaycan, Bakı, 31 may /Trend/
Azərbaycan və Belarus sənaye kooperasiyası daxil olmaqla bir sıra sahələrdə birgə layihələrin vəziyyəti və həyata keçirilməsi perspektivlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Belarusun Xarici İşlər Nazirliyindən (XİN) "Belta" agentliyinə bildiriblər.
Mayın 29-da Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviçin Baş nazirin birinci müavini, ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən rəhbəri Yaqub Eyyubovla görüşü keçirilib.
Tərəflər, sənaye kooperasiyası daxil olmaqla bir sıra sahələrdə Belarus-Azərbaycan layihələrinin vəziyyətini və həyata keçirilməsi perspektivlərini, habelə qarşılqlı fəaliyyətin digər aktual məsələlərini müzakirə ediblər.
Məlumata görə, görüşdə hökumətlərarası komissiya çərçivəsində və digər sahələrdə əməkdaşlığın gələcəkdə fəallaşdırılması üzrə konkret addımlar nəzərdən keçirilib.