...

Səfir: Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 600 dəfə artıb (FOTO)

Siyasət Materials 13 İyun 2013 12:26 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsuyin ilə görüş keçirilib.
Səfir: Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 600 dəfə artıb (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsuyin ilə görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə əvvəlcə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Azərbaycan-Çin əlaqələri hərtərəfli inkişaf edir. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu əlaqələrə böyük önəm verir.

Çinin Azərbaycandakı səfiri Xun Tsuyin Çində son illər baş verən dəyişikliklərdən, ölkəsinin xarici siyasətindən danışıb.

Azərbaycanla Çin arasındakı əlaqələrə toxunan səfir xatırladıb ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub: "Keçən il biz bu əlaqələrin 20 illiyini qeyd etmişik. İki ölkənin liderləri sayəsində bu əlaqələr qarşılıqlı şəkildə uğurla inkişaf edib və stabil nəticələr əldə edilib. Çin-Azərbaycan əlaqələri heç zaman olmayan səviyyəyə çatıb.

Qarşılıqlı siyasi inam və hörmət inkişaf edir. Hazırda iki ölkə arasında həll edilməmiş məsələ yoxdur. Hər iki ölkə suverenlik və ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir."

Səfirin sözlərinə görə, bu əlaqələrin hüquqi bazası gücləndirilir. Bu məqsədlə iki ölkənin hökumətləri arasında 12 saziş imzalanıb. Xun Tsuyin qeyd edib ki, əlaqələrin 21 ili ərzində ticarət dövriyyəsi 600 dəfə artıb:

"Əgər 1992-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1.5 milyon dollar idisə, 2011-ci ildə 1,086 milyard dollar olub. Bu, 2009-cu ildəkindən 16,5 faiz, 1992-ci ildəkindən isə 600 dəfə çox olub. Ötən il isə bu göstərici rekord həddə - 1 milyard 200 milyon dollara çatıb".

O, bildirib ki, Azərbaycanla Çin arasında dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin inkişafı böyük potensiala malikdir. Çin bu münasibətlərin inkişafına böyük önəm verir:

"Azərbaycanla Çin arasında ticari-iqtisadi əlaqələrin səviyyəsi qaneedici deyil. Bu əlaqələr əsasən alış-verişə əsaslanır. İki ölkə arasında investisiya qoyuluşları lazımdır. Artıq Çində Azərbaycana böyük investisiyalar qoymaq istəyən şirkətlər var. Çin tərəfindən 700 milyon dollar investisiya qoyuluşuna başlanılıb. Çində isə 15 Azərbaycan şirkəti fəaliyyət göstərir. Gələcəkdə əlaqələrin inkişafı üçün qarşılıqlı investisiyaların həcmi artırılmalıdır. Biz bu istiqamətdə işləyirik."

Humanitar sahəsindəki münasibətlər barədə danışan səfir X.Tsuyin bildirib ki, bu sahədə də böyük işlər görülür, hər iki ölkədə müxtəlif mədəni tədbirlər təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti