...

"İrəli" İctimai Birliyi İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 13 İyun 2013 16:10 (UTC +04:00)
Bu gün “İrəli” İctimai Birliyinin 3-cü hesabat konfransı keçirilib.
"İrəli" İctimai Birliyi İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün "İrəli" İctimai Birliyinin 3-cü hesabat konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda Birliyin son bir ildə fəaliyyəti barədə məlumat verib, əldə edilən uğur və nailiyyətlərdən bəhs olunub. Çıxış edənlər növbəti 1 il üçün qurumun strateji hədəflərini də açıqlayıblar.

Tədbirdə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin deputatı, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Ceyhun Osmanlı və digərləri çıxış ediblər.

Konfransda ölkənin müxtəlif bölgələrindən 600 nümayəndə iştirak edib. Tədbirdə çıxış edən Birliyin sədri Rauf Mərdiyev bildirib ki, təmsil etdiyi qurum fəaliyyəti dövründə vətəndaş cəmiyyəti qurumları ilə daim əməkdaşlıq edib, şəffaflıq məsələsinə önəm verib: "Biz vaxtaşırı olaraq fəaliyyətimiz barədə həm üzvlərimizə, həm də ictimaiyyətə hesabat veririk. Bu cür tədbirlərin əhəmiyyəti gələcək 1 il ərzindəki strategiyamızın müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir".

Sonra tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O qeyd edib ki, "İrəli" İctimai Birliyində vətənpərvər, dövlətini, xalqını sevən gənclər toplaşıb. Nazir qeyd edib ki, Birlik fəaliyyəti dövründə çox uğurlu və faydalı layihələr həyata keçirib.

Daha sonra tədbirdə çıxış edən Əli Əhmədov qeyd edib ki, gənclər xoşbəxtdirlər ki, bugünkü Azərbaycanın, inkişaf edən, qüdrətlənən Azərbaycanın gəncləridirlər: "Mən bu gün bu konfransda gördüm ki, Azərbaycan gəncləri nə qədər inkişaf edib, bu gənclər Azərbaycan gəncliyinin simasını ifadə edir". Əhmədov qeyd edib ki, gənclər İlham Əliyevin namizədliyini dəstəkləməklə doğru və düzgün seçim ediblər: "Bu, Azərbaycanın xoşbəxt gələcəyinin təmin edilməsinə yönəlmiş bir seçimdir".

PA-nın şöbə müdiri qeyd edib ki, "İrəli" İctimai Birliyi xeyli sayda gəncləri öz ətrafında birləşdirərək Azərbaycan gəncliyinin inkişafına mühüm töhfə verib: "Bu illər ərzində "İrəli" öz təşəbbüsləri ilə Azərbaycanın inkişafının ulu öndər Heydər Əliyevin yolu olduğunu öz həmyaşıdlarına çatdırdı. Gənclərimiz bu seçkidə Azərbaycanın gələcəyini müəyyənləşdirməklə öz gəncliyini müəyyənləşdirirlər".

Tədbirdə çıxış edən Qənirə Paşayeva da "İrəli" İctimai Birliyinin bütün üzvlərini təbrik edərək qeyd edib ki, təşkilat daim öz fəaliyyəti ilə fərqlənib. Millət vəkili vurğulayıb ki, Azərbaycanda gənclərə böyük dövlət diqqət və qayğısı göstərilir və gənclər bundan istifadə edərək öz gələcəklərini düzgün istiqamətdə qururlar: "Məhz bugünkü konfransda mən bu gəncləri gördüm".

Fərhad Məmmədov isə bildirib ki, "İrəli" İctimai Birliyi vətənpərvər gənclərin yetişdirilməsinə öz töhfəsini verib. O, gənclərin inkişafı üçün Azərbaycanda bütün imkanların yaradıldığını qeyd edərək bütün gəncləri İlham Əliyevi dəstəkləməyə, daim cənab Prezidentə sadiq qalmağa çağırıb.

Hesabat konfransına Ümumrusiya Gənclər İttifaqı, Pakistanın Gənclər üçün Milli Təhsli Şəbəkəsi, Ukrayna Gənclər Assambleyası və digər təşkilatların nümayəndələri də qatılıb.

Sonda konfransda bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub.

Bəyanatda vurğulanır ki, sıralarında 30 min gənci birləşdirən "İrəli" İctimai Birliyi Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayır və bu prosesə mühüm töhfələr verir:

"İrəli"nin missiyasının əsas məramı və qayəsi Azərbaycana, azərbaycançılığa, milli mənafeyə xidmət etməkdir. Bu məqsədlə ölkəmizin inkişafına töhfə verməyi, layiqli vətəndaş kimi formalaşmağı, cəmiyyətdə öz potensialını səfərbər etməyi qarşısına məqsəd qoyan gəncləri ətrafına toplayan "İrəli" artıq vətənpərvər, yenilikçi, kreativ gəncliyin əsas fəaliyyət mərkəzlərindən biri kimi qəbul olunur".

Bəyanat müəllifləri qeyd ediblər ki, təsis edilərkən "gənclər Azərbaycanın yeni vətəndaş simasını formalaşdıraraq müstəqil Azərbaycanı təminatlı gələcəyə aparmalıdır" niyyətini bəyan edən Birlik fəaliyyəti müddətində bu amala daim sadiq qalmış, dövlət və xalq mənafeyini bütün maraqlardan üstün tutan minlərlə gəncin fəal və vətənpərvər vətəndaş kimi cəmiyyətdə tanınmasına nail olmuşdur:

"Ulu öndər Heydər Əliyevin şah əsəri və bizlərə müqəddəs əmanəti kimi qəbul etdiyimiz müstəqil Azərbaycan bu gün 60 milyonluq azərbaycanlı toplumunun iftixar mənbəyidir. Bu gün bölgənin siyasi və iqtisadi güc mərkəzi olan Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 80 faizə yaxın paya sahibdir".

Bəyanatda vurğulanır ki, bu gün dünya yalniz "İqtisadi inkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənmir, həm də tolerantlığın, multikulturalizmin ən nadir nümunələrindən sayılan Azərbaycanın mədəni, mənəvi intibahını tədqiq edir:

"Bu gün Azərbaycan "Eurovision" ölkəsidir, beynəlxalq sammitlərin keçirildiyi və sivilizasiyalararası dialoqun qovuşduğu məkandır, ən nəhayət, Avropanın ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək dövlətdir.

Biz gənclər bu uğurların əldə edilməsində möhtərəm Prezidentimizlə yanaşı, Heydər Əliyev Fondunun rəhbəri, Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da böyük fədakarlığını görür və ona təşəkkürümüzü bildiririk".

"İrəli" bəyan edir ki, Azərbaycan Prezidentinin müəyyən etdiyi hücum diplomatiyası öz bəhrəsini verib və erməni diasporunun fəaliyyəti fiaskoya uğradılıb: "Artiq erməni lobbisi müdafiə mövqeyindədir və dünya Azərbaycan həqiqətlərini daha düzgün qavrayır. Dünya dövlətləri birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünü tanıyır və Xocalı faciəsini soyqırım kimi tanıyan ölkələrin sayı artır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın siyasi mənzərəsinin müəyyənləşməsində də fəal rol oynayır".

İctimai Birliyin bəyanatında qeyd olunur ki, ölkəmizdəki inkişaf və yüksəliş prosesinin bir dalğası da gənclər sektorunda inqilabi dəyişikliklərlə müşayiət olunub: "Azərbaycan Prezident cənab İlham Əliyevin şəxsi qayğısı, diqqəti və himayəsi ilə gənclərimiz hər sahədə qazandıqları uğurların sayını daim artırırlar. Gənclərlə bağlı, həmçinin onların xaricdə təhsil alması ilə əlaqədar dövlət proqramlarının qəbulu, gənclərin hərtərəfli inkişafına dövlət dəstəyini təmin edən fərmanların, sərəncamların imzalanması və onların uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin müəllifi olduğu gənclər siyasətinin real təzahürləridir. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev "Azərbaycan dünyaya günəş kimi doğacaq" deyirdi. Bəli, artıq Azərbaycan günəşinin şölələri dünyaya yayılır".

Bəyanatda deyilir ki, biz bununla qürur duymaqla yanaşı, onu da unutmuruq ki, bu günəşin şölələrini - Azərbaycanımızın inkişafını gözü götürməyən qüvvələr də var: "Xaricdəki antiazərbaycançı şəbəkə artıq uzun müddətdir ki, erməni lobbisi ilə fəal əməkdaşlıq qurur və təəssüf ki, ölkəmizdəki radikal müxalifət təmsilçiləri də onlarla vəhdət halında xalqımıza və dövlətimizə qarşı yönəlmiş "şər üçbucağını" formalaşdırır".

Azərbaycan gəncliyi, o cümlədən "İrəli" bu müxalifəti antimilli qüvvələr kimi qəbul edir, onların bədnam, xain əməllərini qətiyyətlə pisləyir:

"Azərbaycan xalqı tarixinin əlamətdar məqamlarından olan Qurtuluş Günü ərəfəsindədir. "İrəli" üzvlərinin də əksəriyyəti, obrazli desək, məhz Qurtuluşdan doğulmuşlardır, Qurtuluşun övladlarıdırlar. Biz tarixi keçmişimizi düzgün bilirik, ona görə gələcəyimizi də doğru müəyyənləşdirmişik.

Azərbaycanı xaosdan tərəqqiyə, böhrandan yüksəlişə aparan xətt Heydər Əliyevin siyasi kursudur! Bu kursun alternativi yoxdur və nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, Heydər Əliyev siyasi kursu da var olacaq!

"İrəli" İctimai Birliyinin hesabat konfransı Azərbaycanda çox önəmli bir hadisə ərəfəsində keçirilir. 2013-cü ilin oktyabrında Azərbaycan vətəndaşları prezident seçkilərində növbəti 5 il üçün ölkənin siyasi taleyini müəyyənləşdirəcəklər. Biz gənclərin, "İrəli"nin seçimi məlumdur. Davamlı inkişaf, qüdrətli dövlət və daha güclü Azərbaycan naminə cənab İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti