...

Mübariz Əhmədoğlu: İspaniya müğənnisinin Dağlıq Qarabağa səfəri Ermənistan rəhbərliyinin xristian dininə münasibətində problemlərin olduğunu üzə çıxardı

Siyasət Materials 20 İyun 2013 12:40 (UTC +04:00)
Məşhur İspaniya müğənnisi Monserrat Kabalyenin Dağlıq Qarabağa səfər etməsi ətrafında baş verənlər həm Ermənistan rəhbərliyinin, həm də bu müğənninin özünün xristian dininə münasibətində problemlərin olduğunu üzə çıxardı.
Mübariz Əhmədoğlu: İspaniya müğənnisinin Dağlıq Qarabağa səfəri Ermənistan rəhbərliyinin xristian dininə münasibətində problemlərin olduğunu üzə çıxardı

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E.Mehdiyev/

Məşhur İspaniya müğənnisi Monserrat Kabalyenin Dağlıq Qarabağa səfər etməsi ətrafında baş verənlər həm Ermənistan rəhbərliyinin, həm də bu müğənninin özünün xristian dininə münasibətində problemlərin olduğunu üzə çıxardı.

Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, əvvəla, ermənilərin xristianlığı IV əsrdə rəsmi qəbul edib-etməmələri ayrı məsələdir. Bu, xristianların daxili işidir: "Eləcə də hər şeyi özününküləşdirməyi xoşlayan ermənilərin dinlərinin adını (Qriqorian) niyə erməniləşdirmədikləri də diqqəti çəkir. Bir şey aydındır ki, ermənilərin xristianlığı qəbul etdikləri coğrafiyanın müasir Ermənistan, o cümlədən Dağlıq Qarabağ ərazisinə qətiyyən aidiyyəti yoxdur. Sasani İran şahlarının saray daxilində qəbul etdikləri bu dinin coğrafiyası müasir Həmədan şəhərindən üzü bəri keçmir".

Əhmədoğlu bildirib ki, həqiqətən də Ermənistanın qriqorianlıq dinini qəbul etməsi və bu qəbuletmənin coğrafiyası barədə tədqiqatlar aparmaqla ermənilərin xristian dininə dəllal münasibətinin kökünün məhz o zamandan başladığını sübut etmək olar, amma indi baş verənlərdə iki aspekt daha vacibdir: "Birinci aspekt ondan ibarətdir ki, özünü başdan-ayağa xristian hesab edən Monserrat Kabalye xristiana yaraşmayan iki addım atdı. Dağlıq Qarabağı "xristian torpağı" adlandırmaqla, o, ermənilərin təsiri altına düşdü. Digər tərəfdən o, Qarabağa və Ermənistana elə bir zamanda gəldi ki, ermənilərin sosial-iqtisadi durumları çox ağır idi və ağırlaşmanın dərinləşməsi gözləniləndir. Kabalye Qarabağdan çıxan kimi suyun, elektrikin, qazın qiymətinin qaldırılması ilə bağlı qərar qəbul olundu. Əgər M.Kabalye əsl xristiandırsa, belə məsələyə dərhal reaksiya verərdi. M.Kabalyenin maliyyə imkanları xeyli yaxşıdır. Onun kasıb erməni xristianının sosial-iqtisadi vəziyyətini ağırlaşdıran addıma şərait yaratması xristian əxlaqına uyğun deyil".

Politoloq hesab edir ki, məsələnin ikinci aspekti daha vacibdir: "Ermənistan rəhbərliyi xristian dəllallığı ilə məşğuldur. Prezident Serj Sərkisyan xristian faktorunu aktuallaşdırmaqla Qarabağı erməni işğalında saxlamaq məqsədilə xristian və müsəlman dünyasını qarşı-qarşıya qoymağa hazır olduğunu nümayiş etdirdi. Baş nazir T.Sərkisyan isə xristianlığı şəxsi problemlərinin həlli üçün bir vasitəyə çevirdi. M.Kabalyenin Qarabağ səfəri elan olunduqdan dərhal sonra bu müğənninin nümayəndələri tərəfindən təkzib edilsə də, sonradan gözlənilmədən Kabalye baş nazir Tirqan Sərkisyanın həyat yoldaşı və onun yaxın qohumu olan astrofizik Q.İsraelyanla birlikdə Qarabağda peyda oldu. Bundan bir az öncə isə baş nazir Tirqan Sərkisyanın Ermənistanda bədnam məşhur din xadimi N.Kçoyanla ofşor zonada 10 milyon dollarlıq şirkət yaratması barədə məlumatlar yayılmışdı".

Əhmədoğlu qeyd edib ki, əhalinin vəziyyətinin ağır, qazın qiymətinin qalxdığı, dövlət büdcəsinin boş olduğu ərəfədə baş nazir və din xadiminin offşor zonada şirkət yaratması Tiqran Sərkisyanın nəinki erməni xalqına, həm də xristianlığa xəyanətidir: "Erməni mətbuatı da hadisələrə bu cür yanaşmağa başlamışdı ki, Tiqran Sərkisyanın xanımı və xanımının astrofizik qohumu Kabalyenin xristian imicindən dəllal kimi istifadə etməyə başladılar. Yeri gəlmişkən, baş nazir Tiqran Sərkisyanın bütün qeyri-qanuni pul əməliyyatlarında xanımı və bu astrofizik qohumunun adı yanaşı hallanır. Erməni xristianlığının mahiyyəti budur. Onlar bir müddət öncə Fransua Roşblua başda olmaqla bir qrup fransız parlamentarilərini də erməni kasıblarının payına şərik etmişdilər. Bununla da Ermənistan rəhbərliyi erməni xalqına təlqin etmək istəyir ki, xristianın qanını soran təkcə biz deyilik: Avropa siyasətçiləri də belədir. M.Kabalye və F.Roşblua bunun üzdə olan nümunələridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti