...

Millət vəkili: Dünya ictimaiyyəti moldovalı ombudsmanın Ermənistanda ölümlə hədələnməsi və ölkədən buraxılmamasına reaksiya verməlidir

Siyasət Materials 6 İyul 2013 13:27 (UTC +04:00)
Dünya ictimaiyyəti moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistanda ölümlə hədələnməsi və ölkədən çıxmasına imkan verilməməsi məsələsinə reaksiya verməlidir.
Millət vəkili: Dünya ictimaiyyəti moldovalı ombudsmanın Ermənistanda ölümlə hədələnməsi və ölkədən buraxılmamasına reaksiya verməlidir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Mehdiyev/

Dünya ictimaiyyəti moldovalı ombudsman Aureliya Qriqoriunun Ermənistanda ölümlə hədələnməsi və ölkədən çıxmasına imkan verilməməsi məsələsinə reaksiya verməlidir.

Bu barədə şənbə günü Trend-ə millət vəkili Aydın Mirzəzadə bildirib:

"Moldova ombudsmanının bir neçə gün bundan əvvəl Ermənistan parlamentində Xocalı soyqırımı ilə bağlı dedikləri adi bir həqiqətdir. Burada bir sensasiya yoxdur. O, sadəcə olaraq, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi dilə gətirdi. Xocalı soyqırımı dünya dövlətləri tərəfindən tanınmış, bir çox ziyalılar tərəfindən 20-ci əsrin ən qəddar faciəsi kimi qiymətləndirilmişdir. Ermənistanın rəsmi hakimiyyətinin nə istəməyindən asılı olmayaraq, bu həqiqət artıq Ermənistanın özünün içərisində də səslənib" .

Mirzəzadə deyib ki, Moldova nümayəndəsinin cəsarəti əslində dünya ictimaiyyətinin hər gün Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı törətdiyi əməllər barəsində dilə gətirdiyi faktlardır:

"Özünü demokratik ölkə sayan və Avropa dəyərləri ilə yaşadığını iddia edən Ermənistan bu gün xanım ombudsmana qarşı münasibətində özünün əsl simasını ortaya qoyur. Orada ona çıxışını yekunlaşdırmağa imkan verilməyib, hazırda isə bütün beynəlxalq hüquq normalarına zidd olaraq, onun Ermənistandan çıxmasına imkan verilmir və o, ölümlə hədələnir".

Millət vəkili qeyd edib ki, nəzər alsaq ki, erməni millətçiliyi bir qayda olaraq dünyada terrorla yanaşı getmişdir, bu gün həmin Moldova ombudsmanına qarşı Ermənistanın rəsmi hakimiyyətinin terror hədəsi kifayət qədər ciddidir və buna dünya ictimaiyyəti reaksiya verməlidir:

"Azərbaycan bu gün həmin şəxsin həyatından ciddi narahatdır. Onun təhdid edilməsi, ona qarşı ölüm hədələrinin səsləndirilməsi, onun Ermənistandan buraxılmaması kimi bir addımın atılması - bütün bunların hamısı heç bir hüquq normasına sığmayan, ən əsası isə orta əsr təfəkkürünün çox bariz bir nümunəsidir".

Mirzəzadə qeyd edib ki, moldovalı ombudsmanın siyasi cəsarətini alqışladığımızı bildiririk, eyni zamanda, bütün dünya ictimaiyyətini onun həyatının qorunması üçün haqq səsini qaldırmağa çağırırıq.

Millət vəkili deyib ki, Ermənistanın bu addımı onun iç simasını, onun demokratiya və insan hüquqlarına olan münasibətini göstərir.

Qeyd edək ki, bu yaxınlarda Qriqoriu Ermənistan parlamentində bəyan etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır. Parlamentində çıxışından sonra moldovalı ombudsman Aureliya Qriqoriunu Ermənistandan buraxmırlar və ölümlə təhdid edərək təcrid vəziyyətində saxlayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti