Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Misirdə baş verən hərbi çevrilişə görə, bu ölkə ilə əlaqələri kəsmək niyyətində deyil. Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Bülənr Arınç bildirib.
Arınçın sözlərinə görə, Türkiyə, o cümlədən Misirə etdiyi maliyyə yardımını da dayandırmağı planlaşdırmır: "Türkiyə Misirə iki milyard dollar həcmində kredit ayıracağına dair söz verib və biz verdiyimiz vədə sadiq qalırıq. Türkiyə artıq bir milyard dolları təqdim edib. Qalan məbləği isə yaxın vaxtlarda təqdim edəcəyik".
Qeyd edək ki, iyulun 3-də Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb, Prezident Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıb və növbədənkənar ölkə prezidentliyinə seçkilərin keçiriləcəyinə dair söz veriblər.
Misirdə olan islamçılar bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.