...

Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqton şəhərinin meri ilə görüşüb (FOTO)

Siyasət Materials 29 İyul 2013 06:12 (UTC +04:00)
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iyul ayının 26-da Vaşinqton şəhərinin meriyasını ziyarət edərək, şəhərin meri Vinsent Qrey ilə görüşüb.
Azərbaycanın ABŞ-dakı səfiri Vaşinqton şəhərinin meri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iyulun 26-da Vaşinqton şəhərinin meriyasını ziyarət edərək, şəhərin meri Vinsent Qrey ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Vaşinqtonun merinə Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin uğurlu inkişafı barədə məlumat verilib və bu kontekstdə cari il mayın sonunda Bakıda baş tutmuş Amerika-Azərbaycan Forumunun işindən söz açılıb. Eyni zamanda, ölkəmizdə, xüsusilə Bakıda aparılan yenidənqurma və abadlaşma işləri sahəsində əldə olunan nailiyyətlər Vaşinqton merinin diqqətinə çatdırılıb.

Səfir Süleymanov, həmçinin, Azərbaycan paytaxtının çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və o cümlədən 2015-ci ildə birinci Avropa olimpiya oyunlarını, daha sonra 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşdığını bildirib.

Öz növbəsində Vincent Qrey rəhbərlik etdiyi şəhərin dinamik bir tərəqqi dövrü yaşadığını və paytaxt əhalisinin davamlı olaraq artmaqda olduğunu göstərib və bunun da yeni işgüzarlıq imkanları və perspektivlərinin yaranmasını təşviq etdiyini söyləyib.

Mer Qrey Vaşinqtonun da həyatında idman fəaliyyətlərinin mühüm yer tutduğunu deyərək, bu günlərdə paytaxtı təmsil edən futbol komandası üçün yeni bir stadionun inşası üzrə razılaşmanın əldə olunduğunu misal gətirib.

Səfir Süleymanov rəhbərlik etdiyi diplomatik missiyanın Vaşinqtonun ictimai və mədəni həyatına ardıcıl surətdə töhfə verməyə çalışdığını qeyd edərək, Səfirliyimizin meriyanın şəhər məktəblərinin himayəsinə dair proqram çərçivəsində An Biers ibtidai məktəbi ilə əməkdaşlıq etdiyini söyləyib. O, bundan əlavə Heydər Əliyev Fondunun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda məktəblərin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri barədə danışıb və ötən iyun ayında Fond tərəfindən Merilend Ştatının Montqomeri dairəsində yerləşən fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə edilmiş xeyriyyə yardımına istinad edib.

Bundan başqa Vaşinqton meri ətraf mühitin müdafiəsi ilə bağlı şəhərdə həyata keçirilən layihələrdən bəhs edərək, Səfirliyi bu təşəbbüsdə iştirak etməyə dəvət edib.

İstinad edilən layihələrin əhəmiyyəti ilə bağlı merin fikirlərini bölüşmüş səfir E.Süleymanov öz növbəsində 2011-ci ildə Azərbaycanda start verilmiş "IDEA" beynəlxalq ətraf mühit dialoqu haqqında söz açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti