...

İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 10 Sentyabr 2013 17:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev və "Qaşaltı" sanatoriyasının həkimi Şahin Babayev Prezident İlham Əliyevə Naftalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər.

Sonra Prezident İlham Əliyev "Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsini əks etdirən stendlərə baxdı.

"Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirdi ki, burada su təchizatı və kanalizasiya sistemləri 1970-ci illərdə yaradılmışdır. Şəhərə içməli su Çəkil kəhrizindən və subartezian quyulardan verilir. Naftalanda su şəbəkəsinin uzunluğu 47 kilometrdir. 16 kilometrlik kanalizasiya şəbəkəsi şəhərin kiçik bir hissəsini əhatə edir və istismara yararsızdır. Naftalan şəhəri əhalisinin sayı 9 min nəfərdir və onların 81 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur. Şəhər əhalisinə içməli su sutkada 4-5 saatlıq qrafik əsasında verilir. "Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində həyata keçirilir.

Qeyd olundu ki, layihə 2035-ci ilə - perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su yeni mənbədən - Ballıqayadan verilir. Şəhərin dayanıqlı su təchizatı üçün Ballıqaya-Goranboy kəmərindən 8 kilometr uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilmişdir. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su gətirilir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 33 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də yaradılacaqdır. İndiyə qədər kanalizasiya şəbəkəsinin 10 kilometrlik hissəsində işlər başa çatdırılmışdır. Tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab su təmizləyici qurğu inşa olunacaqdır. Layihə üzrə işlərin 2015-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti