...

Urmiya gölünün ətrafında 40 bəndin tikintisi dayandırılıb

Siyasət Materials 1 Oktyabr 2013 11:22 (UTC +04:00)
Urmiya gölünün ətrafında tikilməkdə olan və layihələşdirilən 40 bəndin tikintisi dayandırılıb.
Urmiya gölünün ətrafında 40 bəndin tikintisi dayandırılıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Cəfərov/

Urmiya gölünün ətrafında tikilməkdə olan və layihələşdirilən 40 bəndin tikintisi dayandırılıb. Bunu İranın energetika nazirinin müavini Əlirza Daimi deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Daimi deyib ki, yerli icra orqanları rəsmilərinin, əhali və parlament nümayəndələrinin istəyinin əksinə olaraq, biz bu bəndlərin tikintisinin dayandırılmasına qərar vermişik və hazırda dövlət həmin bəndlərlə bağlı son qərarı vermək üçün araşdırmalar aparır: "Urmiya gölünün ətrafında 57 bəndin olması nəzərdə tutulub ki, bunlardan 40-nın tikintisinin və layihələşdirilməsinin dayandırılmasına göstəriş verilib".

Uzun illər ərzində Urmiya gölünün sahillərində 17 bəndin tikintisi artıq başa çatıb və istifadəyə verilib. Bu bəndlər kənd təsərrüfatının və sənayenin ehtiyacları üçün 1,8 milyard kubmetrə qədər suyun əldə olunmasına imkan verir.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki kifayət deyil.

Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti