...

Ştefan Füle Azərbaycan və Aİ arasında vizaların sadələşdirilməsinə dair sazişin izmalanmasında irəliləyişin əldə olunacağına ümid edir

Siyasət Materials 4 Oktyabr 2013 15:38 (UTC +04:00)
Vilnüs sammitində Azərbaycan və Aİ arasında vizaların sadələşdirilməsi və readmissiya sahəsində müqavilənin izmalanması sahəsində irəliləyişin olacağına ümid edirik.
Ştefan Füle Azərbaycan və Aİ arasında vizaların sadələşdirilməsinə dair sazişin izmalanmasında irəliləyişin əldə olunacağına ümid edir

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir S.Əhmədova /

Vilnüs sammitində Azərbaycan və Aİ arasında vizaların sadələşdirilməsi və readmissiya sahəsində sazişin izmalanması üzrə irəliləyişin olacağına ümid edirik.

Trend-in Aİ-nin saytına istinadən verdiyi məlumata görə, bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Moldovanın paytaxtı Kişinyovda keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci iclasında çıxışı zamanı bildirib.

Ş.Füle qeyd edib ki,Vilnüsdə Aİ Azərbaycan və Ermənistanla vizaların sadələşdirilməsi və readmissiya sahəsində sazişin imzalanması üzrə irəliləyişin əldə olunacağına, Moldova, Gürcüstanla Assosiasiya haqqında, Dərin və Hərtərəfli Azad Ticarət Zonası haqqında sazişlərin paraflanacağına, Ukrayna ilə Assosiasiya haqqında sazişin imzalanacağına ümid edir.

Ş.Füle qeyd edib ki, Aİ, həmçinin Azərbaycan və Gürcüstanda keçiriləcək prezident seçkilərinin yaxından monitorinqini aparacaq: "Siyasi islahatlar dərin demokratiyaya uğurlu keçid üçün vacibdir. Hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq uzunmüddətli siyasi inkişaf və davamlı iqtisadi inkişafın zəruri elementləri olan müstəqil məhkəmə sisteminin yaradılması və ya sistemli antikorrupsiya tədbirlərini tətbiq etmək üçün çox vacibdir. Eynilə, azad və ədalətli seçkilər ümumi demokratiyanın mərkəzi elementidir".

Çıxışında Ş.Füle qeyd edib ki, Avropa Komissiyası Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin demokratik inkişaf və milli islahatların icrasında iştirak etmək səylərini dəstəkləmək üçün onlara əhəmiyyətli maliyyə imkanları yaratmaqda davam edəcək.

Avropalı komissarın sözlərinə görə, vətəndaş cəmiyyəti Şərq Tərəfdaşlığının mərkəzində durur: "İnsan haqları, bərabərlik və qeyri-diskriminasiya, həmçinin söz və toplaşma azadlığı Avropa ittifaqı və Şərq Tərəfdaşlığının vacib dəyərlərindəndir".

Ş.Füle qeyd edib ki, vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsi Şərq Tərəfdaşlığı ilə əməkdaşlığın ən mühüm və müsbət nəticələrindən biri olub: "Biz Şərqi Avropa ölkələrində vətəndaş cəmiyyətinə siyasi və maliyyə baxımından misilsiz dəstək vermişik".

Ş.Fülenin sözlərinə görə, Aİ tərəfdaş ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarının potensialının gücləndirilməsinə töhvə verəcək 3,85 milyon avro dəyərində təkliflər sorğusu irəli sürəcək. Bu həmin təşkilatlara Aİ-nın vətəndaş cəmiyyəti təşkilatlarının təcrübəsindən yararlanmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti