...

Milli Məclisin deputatları Avropa Parlamentində Azərbaycana qarşı təxribata etirazlarını bildiriblər

Siyasət Materials 7 Oktyabr 2013 15:38 (UTC +04:00)
Milli Məclisin deputatları Avropa Parlamentində Azərbaycana qarşı təxribat yönlü seminarda etiraz çıxışları ediblər.
Milli Məclisin deputatları Avropa Parlamentində Azərbaycana qarşı təxribata etirazlarını bildiriblər

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin deputatları Avropa Parlamentində Azərbaycana qarşı təxribat yönlü seminarda etiraz çıxışları ediblər.

Trend-in məlumatına görə, Milli Məclisin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə Belçikanın paytaxtı Brüsseldə keçirilən "Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?" adlı seminarda iştirak ediblər.

Millət vəkili F.Muradov bazar ertəsi Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib ki, iclas başlayanda məlum olub ki, seminarda milli azlıqlarla bağlı məsələni müzakirəyə çıxarmaq niyyəti olub və toplantıda seçkilərə aidiyyəti olmayan müxtəlif təşkilatların nümayəndələri iştirak edirdilər:

"Seçkilərə aidiyyəti olan yalnız Müsavat Partiyasının başqanı İsa Qəmbər idi ki, o da daim Azərbaycanda etdiyi çıxışlardan birini etdi, ölkədə siyasi vəziyyəti tənqid etdi".

Millət vəkili A.Mollazadə bildirib ki, Azərbaycan, Gürcüstan və Ukrayna Avropaya inteqrasiya yolunda ciddi irəliləyiş əldə ediblər: "Etnik separatizmi qızışdırmaq üçün təşkil edilən bu seminar Azərbaycanı Avropaya inteqrasiya yolundan döndərmək məqsədi ilə keçirilib".

A.Mollazadə vurğulayıb ki, öz çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzi olduğunu deyib: "Çıxışımda əsas fikiri "Xocalıya ədalət" kampaniyasına yönəltdim və sual etdim ki, öldürülən günahsız uşaq və qadınların haqlarını nə vaxt müzakirə edəcəksiniz?"

Ç.Əsədullayev isə qeyd edib ki, iclasda səsləndirilən hesabat heç bir reallığa əsaslanmayan məlumatlar əsasında hazırlanıb. O bildirib ki, seminarda Azərbaycanla bağlı səsləndirilən hesabat qərəzli tərtib olunmuşdu və buna qarşı etiraz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti