...

ABŞ-ın nüfuzlu qəzeti Birləşmiş Ştatların Azərbaycan və Ermənistana eyni münasibət göstərməsini qınayıb

Siyasət Materials 8 Oktyabr 2013 16:34 (UTC +04:00)
20 ildən artıqdır ki, Cənubi Qafqazda yaranan iki dövlət (Azərbaycan və Ermənistan) sovet idarəçiliyindən sonra özləri üçün tamamilə müxtəlif yollar seçdilər, müstəqillik qazandıqdan sonra iki ölkənin Moskvaya münasibəti isə tamamilə bir-birindən fərqlənir.
ABŞ-ın nüfuzlu qəzeti Birləşmiş Ştatların Azərbaycan və Ermənistana eyni münasibət göstərməsini qınayıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

20 ildən artıqdır ki, Cənubi Qafqazda yaranan iki dövlət (Azərbaycan və Ermənistan) sovet idarəçiliyindən sonra özləri üçün tamamilə müxtəlif yollar seçdilər, müstəqillik qazandıqdan sonra iki ölkənin Moskvaya münasibəti isə tamamilə bir-birindən fərqlənir. Trend-in "İnoSMİ"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın "The National Interest" qəzetində dərc edilən "Qafqaz təzadı" məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Ermənistan Rusiya ilə yaxın münasibətlər qurduğu halda, Azərbaycan daha geniş mənada ABŞ və Qərbin sadiq müttəfiqinə çevrildi: "Vaşinqton üçün iki dövlətin strateji vacibliyi tamamilə müqayisəedilməz olduğu halda, niyə Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı bir-birinə qarışdırır? Müsəlmanların üstünlük təşkil etdiyi Azərbaycandan olan əsgərlər ABŞ-ın Kosovo, Əfqanıstan və İraqda keçirdiyi hərbi əməliyyatlarda iştirak ediblər".

Qəzet yazır ki, Azərbaycan Əfqanıstana və əks istiqamətdə yüklərin daşınması marşrutu qismində istifadə edilən Şimal Paylayıcı Şəbəkəsinin (Northern Distribution Network) fəaliyyətində vacib rol oynayır: "Azərbaycan Avropanın enerji müstəqilliyinə nail olmasında başlıca elementdir, ölkə, ata Corc Buşun prezidentliyindən etibarən respublikaçılar və demokratlar administrasiyası dövründə əhəmiyyətli rol oynayır".

Nəşrin yazdığına görə, ARDNŞ bir sıra boru kəmərlərinin tikintisi ilə məşğuldur: "İtaliyayadək, sonra isə Mərkəzi Avropaya qədər çəkiləcək kəmərlər "Keystone XL" boru kəmərindən uzundur".

Məqalədə deyilir ki, Azərbaycan İrandan şimalda yerləşməsi sayəsində informasiyanın toplanması sahəsində vacib tərəfdaşdır və münaqişə yaranacağı təqdirdə əvəzedilməz rol oynayacaq: "Bu ölkənin İsrail ilə təhlükəsizlik sahəsində artıq sıx əlaqələri var. Bu əlaqələr pilotsuz təyyarələrin birgə istehsalını da nəzərdə tutur. Bundan fərqli olaraq, Ermənistanın yalnız iki ölkə - Rusiya və İranla sıx beynəlxalq münasibətləri var".

Məqalə müəllifinin sözlərinə görə, lakin ABŞ-da insanların ağlında Ermənistan və Azərbaycan bir-biri ilə bağlıdır ki, bu da ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin davam etməsi ilə izah edilir: "Dağlıq Qarabağ Ermənistanın nəzarətində olan, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan ərazisidir".

Qəzet yazır ki, Ermənistanın maraqlarını müdafiə edən lobbiçilərin Konqresə təsir imkanlarına malik dostları var: "Lakin bu münaqişə ABŞ-ın bu iki dövlətə qarşı siyasətini ümumiləşdirməməlidir. Azərbaycan cari il radar qurğusuna xidmət göstərən rusiyalı texniki mütəxəssislərdən imtina edib. Bunadək isə ölkə Rusiya ərazisi vasitəsilə neftin ixracını dayandırıb. Həmçinin, Azərbaycan aydın şəkildə başa saldı ki, Gömrük İttifaqına qoşulmaq niyyətində deyil".

Qəzetin yazdığına görə, səciyyəvidir ki, Ermənistan sentyabrın 3-də Gömrük İttifaqına daxil olmaq barədə tələsik qərar verdi ki, bu da təkcə Prezident Serj Sarkisyanın bu məsələni ləngitmək cəhdlərinə əks-gediş vermir, həmçinin Ermənistanla Avropa İttifaqı arasında assosiasiya və azad ticarət haqqında sazişlərin bağlanmasına aid məsələnin müzakirəsini xeyli müddət təxirə salır:

"Moskvanın qucağına atılan Ermənistan əslində Qərb institutlarına siqnal verir ki, ölkə islahatlara və Avropa inteqrasiyasına daha maraq göstərmir. Bu ölkənin iqtisadiyyatı tamamilə erməni diasporunun Rusiyaya pul köçürmələrindən asılıdır. Kremlə bağlı şirkətlər mövcud əhəmiyyətli enerji paylayıcı infrastrukturu daxil olmaqla iqtisadiyyatın qalan hissəsinə nəzarət edir. Ermənistan hökumətinin Moskvaya olan borcu ölkə iqtisadiyyatına mənfi təsir edir. Sazişə əsasən, Moskvanın Dağlıq Qarabağ məsələsi üzrə Azərbaycanla iri münaqişə yaranacağı təqdirdə, Ermənistanı müdafiə etmək məcburiyyətində qalması təhlükəli amildir".

Məqalədə deyilir ki, Yerevanın Avropa İttifaqı (Aİ) ilə azad ticarət haqqında sazişə deyil, Gömrük İttifaqının xeyrinə qərar verməsini şərh edən Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bəyan edib ki, indi Ermənistanın gələcəkdə Qərbə inteqrasiyasını düşünmək çətindir.

Məqalə müəllifi hesab edir ki, Ermənistanın seçimi nəticəsində yaranmış təəssüfverici həqiqət belədir və bu, daha geniş avrointeqrasiyanı, o cümlədən Cənubi Qafqaz qonşuları ilə inteqrasiyanı dəstəkləyən ABŞ siyasətində öz əksini tapmalıdır.

Müəllifin qənaətincə, ən yaxşısı ümumilikdə Cənubi Qafqaz ölkələrini bu prosesə cəlb etmək olardı: "Bu zaman Azərbaycan və Ermənistanı mürəkkəb regionda strateji tərəfdaşlar qismində nəzərdən keçirmək və onlar arasında mövcud münaqişənin həllində irəliləyiş əldə etmək lazımdır".

Müəllifin sözlərinə görə, lakin reallıq belədir ki, Azərbaycan neft-qaz ehtiyatlarının köməyi ilə öz suverenliyini artıq möhkəmləndirib, Ermənistan isə böyük ölçüdə müstəqil siyasət yürütməkdən imtina edib: "Bu o demək deyil ki, Vaşinqton Ermənistanla daha məşğul olmalı deyil: yaranmış vəziyyətdə Yerevanla möhkəm əlaqələr yalnız alqışlanır. Bununla yanaşı, Azərbaycanla daha sıx işləmək üçün yeni siyasi "kalibrləmə" keçirmək tələb olunur. Bu, ABŞ-a və Azərbaycana strateji dividendlər verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti