...

Sergey Lebedev: Azərbaycanda seçicilər üçün hər cür şərait yaradılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 11:54 (UTC +04:00)
Azərbaycanda seçki kampaniyası kifayət qədər sakit keçir.
Sergey Lebedev: Azərbaycanda seçicilər üçün hər cür şərait yaradılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Ağayeva /

Azərbaycanda seçki kampaniyası kifayət qədər sakit keçir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü MDB Müşahidə Missiyasının rəhbəri, MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev bildirib.

Lebedev deyib: "Seçicilərin səsvermədə öz hüquqlarını ifadə etmələri üçün bütün şərait yaradılıb".

Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən MDB ölkələrindən olan müşahidəçilər bir sıra seçki məntəqələrinə baş çəkiblər, ölkənin regionlarında olublar.

Lebedev bildirib: "Səhər saat 10.00 radələrində seçicilərin təxminən 10 faizi səs verib və bu elə də pis nəticə deyil. Səsvermə sakit şəkildə gedir. Məntəqələrdə ilk dəfə səs verməyə gələnlərə rast gəlinilir. Səsvermədə öz mövqelərini bildirmələri üçün yaşlı və xəstə seçicilər üçün də şərait yaradılıb".

Missiya rəhbəri vurğulayıb ki, seçki məntəqələri yaxşı binalarda - məktəb, mədəniyyət evlərində yerləşirlər: "Seçki məntəqələrində bütün lazımı məlumatlar var ki, bu da seçicilər üçün çox əhəmiyyətlidir. Biz özümüz gördük ki, əgər kimdəsə suallar yaranırsa, seçicilərin köməyinə əksər hallarda seçki məntəqələrinin nümayəndələrinin özləri gəlirlər. Əksər məntəqələr veb-kameralarla təchiz olunublar".

MDB ölkələrindən olan müşahidəçilərin fikrincə, Azərbaycanda məntəqələrin texniki təchizatı yüksək səviyyədədir.

MDB Müşahidəçilər Missiyasının rəhbəri səhər saatlarında Bakının bir sıra seçki məntəqələrində, xüsusilə 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının 23, 24 və 25 saylı məntəqələrində olub.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti