Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir V.Javoronkova/
Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri zamanı səsvermə prosesi yüksək səviyyədə təşkil edilib. Bu barədə Trend-ə açıqlamasında beynəlxalq müşahidəçi, Ruminiya Parlamentinin üzvü, "Seçkilərin müşahidəsi üzrə Avropa Akademiyası" QHT-nin nümayəndəsi Tudor Çiuariu bildirib.
Çiuariunun sözlərinə görə, o, 10-dan artıq seçki məntəqəsində olub.
O bildirib: "Müşahidələr zamanı biz ciddi pozuntular görmədik".
Çiurariunun sözlərinə görə, seçki komissiyasının bütün üzviləri etməli olduqlarını edirlər.
Onun sözlərinə görə, seçicilər necə səs verməli, seçkinin necə keçirilməsi prosesi haqqında maarifləndiriliblər: "Seçki prosesi normal şəraitdə keçir".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.
Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.