...

Azərbaycan səfirliyinin əməkdaşları qətl törətməkdə ittiham olunan Orxan Zeynalovla görüşüblər

Siyasət Materials 22 Oktyabr 2013 22:21 (UTC +04:00)
Azərbaycanın Rusiya Federasiyasındakı (RF) səfirliyinin əməkdaşları bu gün Moskvada qətl törətməkdə ittiham olunan Orxan Zeynalovla görüşüblər. Bu barədə Trend səfirliyin rəsmi saytına istinadən məlumat verir.
Azərbaycan səfirliyinin əməkdaşları qətl törətməkdə ittiham olunan Orxan Zeynalovla görüşüblər

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanın Rusiya Federasiyasındakı (RF) səfirliyinin əməkdaşları bu gün Moskvada qətl törətməkdə ittiham olunan Orxan Zeynalovla görüşüblər. Bu barədə Trend səfirliyin rəsmi saytına istinadən məlumat verir.

Səfirliyin Rusiyanın Xarici İşlər Nazirliyinə 16 və 18 oktyabr tarixli diplomatik notaları və İstintaq Komitəsinə 18 oktyabr tarixli məktubuna əsasən, oktyabrın 22-də konsul Fuad Əliyev və Azərbaycan səfirliyinin müşaviri Ağalar Atamoğlanov Azərbaycan vətəndaşı Orxan Zahid oğlu Zeynalovla görüş üçün RF Cəzaların İcrası üzrə Federal Xidməti 1 saylı istintaq təcridxanasına buraxılıblar.

Görüş zamanı səfirlik əməkdaşları O.Zeynalova hüquqlarını izah edib, onunla söhbət aparıb və maraqlarının müdafiəsi üçün səfirlik tərəfindən vəkil V.İ.Anikuşkin və tərcüməçi D.Dadaşova ilə müqavilənin bağlandığı barədə məlumat veriblər.

O.Zeynalov bildirib ki, saxlanılan gün və təcridxanada olduğu müddət ərzində ona qarşı fiziki təzyiq göstərilib və sərt, ləyaqəti alçaldan davranış tərzi tətbiq edilib.

Səfirliyin tapşırığı əsasında, həmçinin O.Zeynalovun sözlərinə, KİV-də yayılan məlumata, o cümlədən videokadrlara istinadən vəkil V.İ.Anikuşkin ittiham edilən şəxsdə bədən xəsarətlərinin aşkar edilməsi məqsədilə onun tibbi baxışdan keçirilməsi, ona qarşı fiziki təzyiq göstərilməsi faktları üzrə xidməti yoxlamanın təşkili barədə bir neçə vəsatət qaldırıb, habelə onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi üzrə apelyasiya şikayətini təqdim edib.

O.Zeynalovun diqqətinə çatdırılıb ki, səfirlik gələcəkdə də istintaqın gedişi və cinayət işinə məhkəmə instansiyalarında baxılmasının 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası və 1995-ci il tarixli Azərbaycan ilə Rusiya arasında Konsulluq Konvensiyasının müvafiq müddəaları nəzərə alınmaqla, RF Cinayət və Cinayət-Prosessual məcəllələri çərçivəsində obyektiv şəkildə təmin olunmasına səy göstərəcək.

Qeyd edək ki, Rusiya vətəndaşı Y.Şerbakovu qətlə yetirməkdə təqsirləndirilən O.Zeynalov Rusiya Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törətməsində ittiham olunur.

Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti