...

İtaliya mətbuatı Monako Knyazının Azərbaycan pavilyonunu ziyarət etməsini Venesiya Biennalesi üçün mühüm hadisə adlandırıb

Siyasət Materials 24 Oktyabr 2013 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Monako Knyazı II Alberin 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunu ziyarət etməsi İtaliya mətbuatında mühüm hadisə kimi işıqlandırılıb. Belə ki, "Cultura & Tempo libero" qəzeti Monako Knyazının Azərbaycan pavilyonunu ziyarət etməsini Venesiya Bieannalesi üçün mühüm hadisə adlandırıb.

Xatırladaq ki, Monakonun hakim Knyazı II Alber oktyabrın 15-də Azərbaycanın 55-ci Venesiya Biennalesindəki pavilyonu ilə tanış olmuş, burda "Ornamentlər" devizi altında təqdim edilən müasir incəsənət nümunələrinə baxmışdı.

Trend-in məlumatına görə, İtaliyanın "La Nuova" qəzeti qeyd edib ki, oktyabrın 15-də Monako Knyazı II Alber 55-ci Venesiya Biennalesi çərçivəsində Azərbaycanın Kampo Santo Stefanoda açılmış pavilyonunu ziyarət etmək fürsətini əldən verməyib. Onu Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, "PDG Arte Communications" təşkilatının prezidenti Paolo De Qrandis qarşılayıb.

Məqalədə deyilir ki, Monako Knyazı Azərbaycanın Venesiya Biennalesində iştirakının önəmli olduğunu qeyd edib və pavilyonla tanışlığından məmnunluğunu bildirib.

Qeyd edək ki, Monako Knyazı II Alber Venesiya Biennalesində milli pavilyonlar arasında yalnız Azərbaycan sərgisində olub. O, gələcəkdə Azərbaycan mədəniyyətinin Monakoda da tanıdılmasına xidmət edən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycanın Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən "Ornamentlər" pavilyonu iyunun 1-də açılıb və noyabrın 24-dək davam edəcək.

Pavilyonda Azərbaycanın 6 rəssamı - Rəşad Ələkbərov, Fəxriyyə Məmmədova, Çingiz, Sənan Ələskərov, Butunay Haqverdiyev, Fərid Rəsulovun yaratdıqları müasir incəsənət nümunələri vasitəsilə milli-mədəni irsimiz təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti