...

Azərbaycanın müdafiə naziri həmsədrlərdən 102-ci hərbi bazanın komandirinin çıxışına rəsmi reaksiya istədi

Siyasət Materials 4 Noyabr 2013 16:44 (UTC +04:00)
Müdafiə naziri qonaqları salamlayaraq, onlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz olması barədə fikirlərini bildirib.
Azərbaycanın müdafiə naziri həmsədrlərdən 102-ci hərbi bazanın komandirinin çıxışına rəsmi reaksiya istədi

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi, cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildirməklə yanaşı, müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıblar.

Müdafiə naziri qonaqları salamlayaraq, onlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz olması barədə fikirlərini bildirib.

Eyni zamanda, Z.Həsənov Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasının komandirinin məlum çıxışını həmsədrlərin diqqətinə çatdıraraq, bu məsələyə rəsmi səviyyədə müvafiq reaksiyanın verilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu məsələnin anlaşılmazlıq nəticəsində baş verməsini istisna etməyərək araşdırılacağına söz verib.

Sonda Azərbaycanın ordu quruculuğu sahəsindəki imkanlarının genişliyi və müasir tələblərə cavab verən Silahlı Qüvvələrin qurulması istiqamətində fəaliyyətləri vurğulayan müdafiə naziri Azərbaycan tərəfinin işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, xalqımızın işğal faktı ilə barışmayacağını və ərazilərinin azad edilməsi hüququnun özündə saxladığını bildirib.

Görüşdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

Qeyd edək ki, 102-ci hərbi bazanın nəzarət zonasında hərbi-siyasi vəziyyət qeyri-sabit olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsində qarşıdurmanın eskalasiyasının mümkünlüyü ilə bağlı bir sıra stabilliyi pozan amillərin mövcudluğu ilə səciyyələnir. Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası (RF) Hərbi Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinski deyib.

Ruzinskinin sözlərinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, RF-nin Ermənistandakı bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq hərbi münaqişəyə qoşula bilər.

Rusiyanın Ermənistandakı hərbi bazası 1994-cü il sentyabrın 1-də formalaşdırılıb. Onun tərkibinə 3624-cü aviasiya bazası və 988-ci zenit raket alayı daxil olub. 2001-ci ildə bu hissələr MDB ölkələrinin Birləşdirilmiş Hava Hücumundan Müdafiə Sistemində döyüş növbəsində yerini tutub, bazanın özü isə Rusiya Federasiyası və Ermənistan qoşunlarının birləşdirilmiş qruplaşmasının tərkibinə daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti