...

ABŞ səfiri Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri ilə görüşüb (FOTO)

Siyasət Materials 13 Noyabr 2013 18:35 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (ADİU) tələbələri ilə görüşüb.
ABŞ səfiri Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir S.Əhmədova/

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (ADİU) tələbələri ilə görüşüb.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru Şəmsəddin Hacıyev qonaqları salamlayaraq iki ölkə arasındakı dostluq münasibətlərindən danışıb.

Ş.Hacıyev bildirib ki, ABŞ Azərbaycanın strateji tərəfdaşıdır: "İki ölkə arasında iqtisadi sahədə əlaqələr inkişaf edir. Biz digər sahələrdə də ABŞ-ı öz yanımızda görürük".

Rektorun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aparıcı ölkədir - ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir.

Tədbirdə çıxış edən səfir R.Morninqstar universitetdə görülən işlərdən razı qaldığını bildirib. O, qeyd edib ki, bu universitetin tələbələri mübadilə proqramları vasitəsilə ABŞ-da olublar.

R.Morninqstarın sözlərinə, ABŞ-Azərbaycan əlaqələri 3 əsas istiqamətə əsaslanır. Bunlara enerji təhlükəsizliyi və iqtisadiyyatın diversifikasiyası, insan haqları və demokratiya və təhlükəsizlik sahəsində əməkdaşlıq daxildir.

Səfir qeyd edib ki, təhlükəsizlik sahəsinə Dağlıq Qarabağ, Əfqanıstan və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq aiddir.

Onun sözlərinə görə, ABŞ Azərbaycanın enerji təhlükəsizliyi sahəsində güclü tərəfdaşıdır və belə də qalacaq: "Biz "Şahdəniz-2" layihəsini çox fəal şəkildə dəstəkləyirik".

R.Morninqstar deyib ki, ABŞ Azərbaycanla İKT sahəsində də əməkdaşlıq edir:

"ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsini də dəstəkləyir. ÜTT-yə üzvlük rəqabət qabiliyyətli özəl sektorun yaranmasında önəmli rol oynayacaq və vacib məqsədlərə çatmağa imkan verəcək. ÜTT-yə üzvlük məsələsini tezləşdirmək və bu məsələdə kömək etmək üçün İqtisadiyyat və Sənaye Nazirliyinə texniki dəstək göstəririk".

Səfirin sözlərinə görə, Azərbaycan regionlarında əhalinin əksəriyyəti kənd təsərrüfatı sahəsi vasitəsilə rifahını qurur. Kənd təsərrüfatı sahəsi Azərbaycanda əsas ixrac yönümlü sahə ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti