...

Erik Rubin: Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün real perspektiv var (MÜSAHİBƏ)

Siyasət Materials 26 Noyabr 2013 08:30 (UTC +04:00)
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin Trend-ə müsahibəsi
Erik Rubin: Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün real perspektiv var (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir S.Əhmədova/

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin Trend-ə eksklüziv müsahibəsi

- Siz Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini, həmçinin TANAP layihəsinin yerinə yetirilməsinin regiona töhfəsini necə dəyərləndirirsiniz?

- Azərbaycan Avropa bazarlarına enerji marşrutlarının diversifikasiyasında başlıca rol oynamaqda davam edir. "Cənub Qaz Dəhlizi" Avropa üçün yeni qaz təchizatı mənbəyini təmin edəcək və ABŞ bu məqsədi dəstəkləyir. Trans-Adriatik boru kəmərinin seçilməsi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi prosesində və enerji resurslarının təchizatında rəqabətin artırılmasında növbəti mühüm addımdır. Bu təşəbbüs Xəzər qazını beynəlxalq bazarlara çıxarmaqla dayanıqlı iqtisadi artım üçün qlobal enerji tələbatını təmin etməyə öz töhfəsini verəcək.

- ABŞ-Azərbaycan münasibətlərinin genişləndirilməsi üçün gələcək planlar nədən ibarətdir?

- ABŞ və Azərbaycanın regional təhlükəsizliyin təmin edilməsində, enerji təchizatının diversifikasiyasında, demokratik və iqtisadi islahatların həyata keçirilməsində, terrorizmlə mübarizədə, narkotiklərin qanunsuz dövriyyəsinin və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında aşkar birgə maraqları var. Biz bu əməkdaşlığın davam etməsini, həmçinin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi imkanlarını gözləyirik.

- Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmək üçün hansı səyləri göstərəcək?

- ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusilə də təhdid və gücdən istifadə etməmə, dövlətlərin ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında sülh və danışıqlar yolu ilə həllinə sadiq qalır. Həmsədr Ceyms Uorliklə təmsil olunan ABŞ hesab edir ki, sülh üçün real perspektiv var. Vaşinqton bu ay Vyanadakı sammitlə bağlı tərəflərlə işləməyə ümid edir.

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistanın danışıqlarda davamlı qeyri-konstruktiv mövqeyini dəyişmək üçün hansı təsirli mexanizmlərdən istifadə edə bilər?

- Hər hansı davamlı həll bütün tərəflərdən kompromis tələb edir. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə çətin qərarlar qəbul etmək üçün həm Azərbaycanın, həm də Ermənistanın siyasi iradəsi lazımdır.

- Azərbaycanın Əfqanıstanda ISAF missiyasına töhfəsini necə qiymətləndirirsiniz?

- Biz bunu çox müsbət qiymətləndiririk. Azərbaycanın Əfqanıstanda 94 hərbçisi var və ölkə Əfqanıstanda ABŞ qüvvələrinin həm hava, həm də yerüstü təchizatına kömək edən vacib tərəfdaşdır. Azərbaycan ərazisi üzərindən ABŞ hərbi uçuşlarını həyata keçirməyə icazə verir və Şimal Paylayıcı Şəbəkəsində (Northern Distribution Network) əsas qovşaq rolunu oynayır. Bu isə hər il Əfqanıstanda olan koalisiya qoşunlarının təchizatı üçün minlərlə təhlükəsiz daşımaların və tranzitin həyata keçirilməsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti