...

Əli Həsənov: Ermənistan BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmır, aidiyyəti təşkilatlar da lazımi tədbirlər görmür

Siyasət Materials 25 Noyabr 2013 17:48 (UTC +04:00)
Bu gün Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı, müavini Rəşid Mustafanı və UNICEF-in Regional ofisinin (Cenevrə, İsveçrə) QİÇS üzrə baş məsləhətçisi, beynəlxalq ekspert Nina Ferenkiçi Nazirlər Kabinetində qəbul edib.
Əli Həsənov: Ermənistan BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmır, aidiyyəti təşkilatlar da lazımi tədbirlər görmür

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardı, müavini Rəşid Mustafanı və UNICEF-in Regional ofisinin (Cenevrə, İsveçrə) QİÇS üzrə baş məsləhətçisi, beynəlxalq ekspert Nina Ferenkiçi Nazirlər Kabinetində qəbul edib.

Trend Dövlət Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, Ə.Həsənov qonaqlar ölkədə mövcüd olan narkotik vəziyyət, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ölkə Prezidenti səviyyəsində yetirilən diqqət və tələbkarlıq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib.

Daha sonra Ə.Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, onların istehsalı, işğal olunmuş ərazilərimizdən narkotiklərin qanunsuz daşınması və s. məsələlər barədə məlumatların BMT-nin müvafiq qurumlarına mütəmadi olaraq çatdırıldığını, lakin Ermənistanın müxtəlif bəhanələr gətirərək BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmadığını, aidiyyəti təşkilatların da lazımi tədbirləri görmədiyini bildirib.

O, Əfqanıstanda istehsal olunan narkotik vasitələrin ölkəmizə daxil olma marşrutları haqqında məlumatlar verməklə, Böyük Britaniyanın London şəhərində çap olunan "The Lancet" tibb jurnalında Azərbaycanda narkomanların sayının 300 min nəfər olmasının, həmçinin inyeksiya yolu ilə narkotik qəbul edənlərin sayının rəsmi rəqəmlərdən kəskin fərqləndiyini qeyd edib. Narkomanların dəqiq sayının müəyyənləşdirilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün dəfələrlə BMT-nin müvafiq qurumlarına müraciət etdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın surəti Ə.Həsənovun tapşırığı ilə qonaqlara təqdim olunub.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Herevard aztəminatlı ailələrdə böyüyən uşaqlar, o cümlədən müharibədən əziyyət çəkən ailələrdə böyüyən yeniyetmələr və digər kateqoriyadan olan uşaqlara yardım proqramı çərçivəsində müvafiq tədbirlərin görüləcəyi təklifini, xanım N.Ferenkiç isə QİÇS-in yayılmasının qarşısının alınmasında Azərbaycanda müvafiq layihələrin tətbiqinin mümkünlüyünü qeyd edib.

Ə.Həsənov rəsmi müraciət olunduqdan sonra hər iki təklifə hökumətin müvafiq strukturlarında baxılacağını bildirib.

Görüşdə Azərbaycan Nazirlər Kabinetinin Hərbi və inzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə, şöbə müdirinin müavini Ceyhun Hüseynov, Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev və İşçi qrupunun mütəxəssisi Turcay Əhmədov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti