...

Mübariz Qurbanlı: Prezidentin sərəncamı Xalq Cümhuriyyətinin qurucularına olan böyük hörmət və ehtiramın ifadəsidir

Siyasət Materials 27 Noyabr 2013 16:38 (UTC +04:00)
"Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, lakin müəyyən tarixi iz qoyub gedib. Tarixi keçmişimizə böyük hörmət, tarixi keçmişimizdən ibrət dərsi almaq, onu gənc nəsillərə çatdırmaq ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə çox əhəmiyyətli yer tutub".
Mübariz Qurbanlı: Prezidentin sərəncamı Xalq Cümhuriyyətinin qurucularına olan böyük hörmət və ehtiramın ifadəsidir

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İzzət/

"Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, lakin müəyyən tarixi iz qoyub gedib. Tarixi keçmişimizə böyük hörmət, tarixi keçmişimizdən ibrət dərsi almaq, onu gənc nəsillərə çatdırmaq ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə çox əhəmiyyətli yer tutub". Trend xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı xatırladıb ki, ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin baniləri ilə bağlı dəyərli fikirlər bildirib və bununla əlaqədar mühüm qərarlar qəbul edib. Onun sözlərinə görə, Heydər Əliyev çıxışlarında dəfələrlə Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin fəaliyyətini təqdir edən fikirlər söyləyib:

"Xalq Cümhuriyyətinin 80 illik yubileyi ulu öndərin zamanında Milli Məclisdə təntənəli şəkildə qeyd olunub. Eyni zamanda, Heydər Əliyev Cümhuriyyət tarixinin öyrənilməsi ilə əlaqədar sərəncamlar imzalayıb, bu istiqamətdə tapşırıqlar verib. Yəni bizim tarixi keçmişimizə olan münasibətimiz dəyişməz qalır. Prezidentimiz cənab İlham Əliyev də tariximizə, tarixi ənənələrimizə, milli adət-ənənələrimizə, tarixi keçmişimizə, tarixi şəxsiyyətlərimizə çox böyük diqqətlə yanaşır və bu onun verdiyi sərəncamlarda həmişə özünü göstərir. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin qurucularının tariximizdə yerini, onların adının əbədiləşdirilməsini öndə tutan qərarlar verib".

M.Qurbanlı qeyd edib ki, Prezidentin M.Ə.Rəsulzadənin 130 illik yubileyi haqqında imzaladığı sərəncam da tarixi keçmişimizə və Cümhuriyyət tariximizə, həmin dövlətin qurucularına olan hörmət, izzət və ehtiramdan irəli gəlir. M.Ə.Rəsulzadə 1918-ci ildə müvəqqəti fəaliyyət göstərmiş Milli Şuranın sədri kimi o dövrdə Xalq Cümhuriyyətinin qurucuları sırasında çox önəmli yerlərdən birini tutur:

"M.Ə.Rəsulzadə Cümhuriyyət dövründə olan hökumətdə müəyyən vəzifə tutmasa da, parlament fəaliyyətində, eyni zamanda, Cümhuriyyətin süqutundan sonra mühacirət həyatında Azərbaycan tarixinin, milli ideyaların yaşadılmasında mühüm fəaliyyəti olan şəxslərdən biridir. Yalnız M.Ə.Rəsulzadə deyil, həmçinin Cümhuriyyətin digər liderləri də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əhəmiyyətli rol oynayıblar. Onların hər birinin xatirəsi xalqımız tərəfindən əziz tutulur. Prezidentimizin sərəncamı da həmin tarixi xidmətlərə verilən qiymətdir".

Millət vəkili deyib ki, bu sərəncamla əlaqədar radikal müxalifətin mətbuatında bəzi yazılara gəlincə, bunlar əsassızdır: "Hesab edirəm ki, bu adamlar ulu öndər Heydər Əliyevin Cümhuriyyət tariximizə verdiyi qiyməti bir daha göz önünə gətirib, Prezident İlham Əliyevin də bu işləri ardıcıl həyata keçirdiyini görməlidirlər. Lakin təəssüflər ki, müxalifətin radikal qanadı və onun mətbuatı dedi-qodu yazılarla bu sərəncam haqqında yanlış fikirlər səsləndirir. Prezidentimizin də, partiyamızın da siyasi xəttində tarixi keçmişimizə dərin hörmət və ehtiram olub və bundan sonra da olacaq. Ona görə də hesab edirəm ki, bu sərəncam və bundan sonra Cümhuriyyətin digər qurucuları ilə bağlı veriləcək sərəncamlar tariximizə olan böyük hörmət və ehtiramın ifadəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti