...

Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotoalbomun təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 12 Dekabr 2013 00:25 (UTC +04:00)
Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş fotoalbomun təqdimatı keçirilib.
Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotoalbomun təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir V.İmanov/

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş fotoalbomun təqdimatı keçirilib.

Trend-in məlumatına görə, nəşr olunan "Böyük insanın ömür anları" albomunda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini - uşaqlıq və yeniyetməlik illərini, Azərbaycan SSR Nazirlər Soveti yanında Təhlükəsizlik Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Siyasi büronun, SSRİ Nazirlər Sovetində Baş nazirin müavini vəzifəsin çalışdığı illəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrü əks etdirən fotolar toplanıb.

Nəşrə ön sözü Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yazıb: "Hər bir xalqın tarixi salnaməsi qələbə və məğlubiyyət, tərəqqi və tənəzzülün əks olunduğu səhifələrlə zəngindir. Və hər bir tarixi dövr ölkəsinin və ümumiyyətlə, bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynayacaq nadir şəxsiyyətlər yetişdirir. Azərbaycan üçün belə şəxsiyyətlərdən biri ömür səhifələri böyük bir epoxanın aynası kimi ölkə tarixinin müəyyən bir dövrünü özündə əks etdirən Heydər Əlirza oğlu Əliyev oldu".

Mehriban Əliyeva qeyd edib ki, bu fotoalbom vasitəsilə ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının və tarixi irsinin həqiqi sahibinə çevirmək arzusu ilə yaşamış, bu arzunu həqiqətə çevirmiş Heydər Əliyevin ömür salnaməsi təqdim olunur və buradakı şəkillərin əksəriyyətini tarixi sənəd adlandırmaq olar: "Albomda yer almış fotoşəkillər öz emosional məzmununa görə çox fərqlidirlər. Bəzilərində əhəmiyyətli tarixi hadisələr əks olunub, digərlərində isə Heydər Əliyev qeyri-rəsmi şəraitdə, ailəsinin, doğmalarının, dostlarının əhatəsindədir. Bu şəkillərdə o, müxtəlif anlarda çəkilib - gah sərt, gah gülümsərdir, gah qərarlı, gah təmkinlidir, gah narahat, gah ilhamlıdır, gah qayğılı, gah da ki, həqiqətən xoşbəxtdir. Heydər Əliyev həyatının fotoşəkillərdə həkk olunmuş müxtəlif anları onun şəxsi keyfiyyətlərinin, heyrətamiz yaradıcı enerjisinin, müdrikliyinin, məsuliyyət və fenomenal işgüzarlığının əyani sübutudur".

Albomda ulu öndərin ilk dəfə işıq üzü görən fotoşəkilləri də çap olunub. Fotolar Azərbaycanla yanaşı, həmçinin Rusiya Federasiyası və digər ölkələrin arxivlərindən toplanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti