Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/
Dekabrın 18-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) növbəti Ümumi Yığıncağı keçirilib. Trend-in məlumatına görə, Ümumi Yığıncaqda millət vəkilləri, QHT rəhbərləri, media nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdə BMAM sədri Rufiz Qonaqov Mərkəzin illik fəaliyyəti ilə əlaqədar geniş məruzə ilə çıxış edib. O, çıxışında ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra vacib ictimai-siyasi məsələlərlə əlaqədar BMAM-ın mövqeyini açıqlayıb:
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tarixi məqam yetişib. Müəyyən irəliləyişlər var. Qərb də başa düşməlidir ki, bütöv Qafqaz regionunda iqtisadi, siyasi və sosial inkişafa nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. Bunun üçün münaqişənin həlli üzrə ATƏT Minsk qrupunun tərkibində dəyişiklik edilməlidir. Fransanın həmsədrliyi Avropa İttifaqının həmsədrliyi ilə əvəz edilməli və hər bir Aİ üzv dövlətindən bir xüsusi nümayəndə danışıqlara qatılmalıdır. Bununla bərabər, bu tərkibə Türkiyə də cəlb edilməldir. Bu formatda keçirilən görüşlərdə münaqişənin həllinə nail olmaq üçün daha real şanslar yarana bilər. Türkiyənin bu formata daxil edilməsi isə daha vacibdir. Çünki Türkiyə-Ermənsitan münasibətlərinin yaxşılaşdırılması və sərhədlərin açılması məhz Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir".
R.Qonaqov qeyd edib ki, Azərbaycanda keçirilən seçkilər ölkədə stabilliyin olduğunu, siyasi mədəniyyətin formalaşdığını və ölkənin daha da irəliyə getməyə və islahatlara meyilli olduğunu göstərdi: "Bu imkan verdi ki, Azərbaycan qlobal məkanda ciddi bir fiqur olduğunu sübuta yetirsin. 2015-ci ildə ilk Avropa Yay Olimpiya Oyunları Bakı şəhərində keçiriləcək və bunun üçün də ölkədə ciddi siyasi stabilliyin olması zəruri haldır. Azərbaycanın sivil dünyanın bir parçası olmasının və bunun dünya tərəfindən də belə başa düşüldüyünün daha bir sübutu "Şahdəniz" qaz yatağının ikinci fazasının istismarı üçün 40 milyard dollar məbləğində olan layihələndirmə işinin başlanması məqsədilə tərəflər arasında bağlanan müqavilədir. Artıq Azərbaycan neft, həm də qaz sektorunda qlobal bir dövlətə çevrilməkdədir".
O xatırladıb ki, Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə sazişi imzalayıb və beləliklə Azərbaycan Avropa ailəsinin üzvü olmağa bir addım da yaxınlaşıb: "Bu çox böyük bir irəliləyişdir. Ermənistan Rusiyanın təzyiqi ilə geri çəkilib. Gürcüstan Rusiya ilə çətin dövrlərini yaşayır. Ukraynada xaos davam edir. Azərbaycan isə həm Rusiya, həm də Aİ ilə balanslı siyasətini uğurla davam etdirə bilib. Bu bir daha onu göstərir ki, Azərbaycanın balanslı siyasəti xarici siyasətdə ciddi uğurlar əldə edib".
BMAM sədri əlavə edib ki, vətəndaş cəmiyyəti də ciddi inkişaf mərhələsinə qədəm qoyub. Artıq beynəlxalq aləmdə də uğurlu layihələr Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir:
"Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu istiqamətdə QHT-lər tərəfindən ciddi işlər aparılır və Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Bu məqamda ölkəmizdə vətəndaş cəmiyyəti ilə nazirliklər, dövlət qurumları arasında ciddi işbirliyi və məsləhətləşmələr aparılmalıdır. Bütün dövlət qurumları nəzdində ictimai komitələrin yaradılması davam etməli və həmin qurumlarda daha geniş vətəndaş cəmiyyəti təmsilçiləri iştirak etməlidir. Bu sektorun aparıcı qüvvələrindən biri olan QHT-lər dövlətin əsas tərəfdaşlarından biridir. 2 iyul 2012-ci ildə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov QHT-lərlə görüşü zamanı bu fikri dövlət rəsmisi olaraq səsləndirdi və bunu bu gün də hiss edirik. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin artırılması bunun bariz nümunəsidir. Şuranın sədri, millət vəkili Azay Quliyev QHT-lərin dövlət quruculuğunda iştirakının təmin olunması üçün bir sıra qanunların qəbul olunmasına nail olub".
R.Qonaqov Mərkəzin bir illik fəaliyyəti ilə bağlı hesabat verərək, qarşıda duran vəzifələrindən də danışıb. O bildirib ki, 2013-cü ildə BMAM qarşıya qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gəlib: "Ötən il üçün gördüyümüz işləri sistemləşdirsək, belə bir mənzərə alınar. Ötən il Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yeni dünyada yeniləşən Azərbaycan: reallıqlar və faktlar" layihəsi tərəfimizdən həyata keçirilib. Layihə çərçivəsində sosial şəbəkələrdə müxtəlif ictimai müzakirələr tərəfimizdən təşkil olundu, habelə bir neçə "dəyirmi masa" keçirildi. "Azərbaycan demokratik inkişaf yolunda" mövzusunda keçirilən təbdirlərimizdə Azərbaycanın sosial-iqtisadi inkişafı, demokratik dövlət quruculuğunda əldə olunan nəticələr geniş auditoriyada təbliğ olundu".
O, əlavə edib ki, daha sonra BMAM fevral ayında təşkil olunan və bütün il boyu davam edən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərdə aparıcılardan və təşkilatçılardan biri oldu: "Üzvlərimiz böyük fəallıq göstərdilər. May ayında isə təşkilatımız digər QHT-lərlə birgə QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Şuşaya azadlıq" aksiyalarında da fəal iştirak etdi".
R.Qonaqov vurğulayıb ki, BMAM beynəlxalq təşkilatlarla birgə müxtəlif "dəyirmi masa" və konfransların təşkilatçısı olub: "BMAM, eyni zamanda, 2013-cü il prezident seçkisində yaxından iştirak edib və bu böyük siyasi kampaniyada aparıcı QHT-lərdən biri olub. Seçkilərin monitorinqinin aparılmasında iştirak edib və demək olar ki, bütün ölkə üzrə seçkilərin monitorinqinin təşkilində əsas QHT-lərdən biri olub. Mərkəz seçki günü isə "exit-poll"un keçirilməsində iştirak edib. Onlarla üzvümüz prezident seçkisinin "exit-poll"unda iştirak edərək real seçki mənzərəsinin öyrənilməsində fəallıq göstərib".
R.Qonaqov Mərkəzin qarşısında duran vəzifələri və hədəfləri barədə də danışıb:
"Əsas məqsədimiz Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ölkəmizə qarşı ikili standartların tətbiqinə qarşı QHT-lərin birgə fəaliyyətinin təşkili, Dağlıq Qarabağ probleminin dünya arenasına çıxarılmasında və ədalətli, Azərbaycanın milli maraqlarına uyğun həll olunmasında vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinin təşkili, ölkənin neft-qaz strategiyasının təbliği, vətəndaş cəmiyyətinin inkişafı məqsədilə müxtəlif sosial layihələrin reallaşdırılması üçün təkliflər paketinin hazırlanması, vətəndaş cəmiyyəti sektorunun fəaliyyət dairəsinin genişləndirilməsi, "İctimai iştirakçılıq haqqında" qanunun təbliği və tətbiqinə nail olunması, demokratik cəmiyyət quruculuğunda fəal iştirakımızı davam etdirmək, ölkəmizin Avropaya inteqrasiya siyasətinin davam etdirilməsində yaxından iştirak etmək, qarşıdan gələn il üçün vəzifə və hədəflərimizə uyğun yeni layihələrin həyata keçirilməsinə çalışmaqdır. Missiyamız inkişaf etməkdə olan dünyada, xüsusən, Azərbaycan və regionda geosiyasi durumu qiymətləndirmək, region üçün əhəmiyyətli olan beynəlxalq münasibətlər kontekstində araşdırmalar və tədqiqatlar aparmaq və ictimai müzakirələr təşkil etməkdir".
Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxışında bildirib ki, Avrasiya İnstitutu Beynəlxalq Araşdırmalar Mərkəzi BMAM ilə əməkdaşlıq edir: "Mədəniyyətimizin daha geniş təbliğ olunması istiqamətində də bu Mərkəz fəaliyyət göstərir. Bu gün dünya virtuallaşır. Gənclərimiz sosial şəbəkələrdə çox aktiv olmalıdırlar. Eyni zamanda, mən bütün gəncləri qeyri-hökumət təşkilatlarının işində aktiv iştirak etməyə çağırıram. Bu gün ölkəmizdə QHT-lər daha da güclənir və onların hər bir layihəsi cəmiyyətə əsaslı dərəcədə təsir göstərir. QHT-lər ölkəmizin tanıdılması, dövlətçiliyimizin qorunması istiqamətində də uğurlu fəaliyyət göstərir. Hesab edirik ki, görülən işlər ölkəmiz və vətənimiz üçün çox əhəmiyyətlidir".
Ümumi Yığıncaqda qonaq qismində çıxış edən BMAM-ın eksperti, "İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyinin sədri Rəfail Becanov bildirib ki, 2014-cü il bələdiyyə seçkilərində vətəndaş cəmiyyəti institutlarının (VCİ) nümayəndələrinin təmsil olunması əsas prioritetlərdən olmalıdır: "Milli mətbuat, QHT-lər bu sektorun əsas və aparıcı sektorlarından olmaqla, cəmiyyətin inkişafına öz töhfəsini verməkdədir. Söz və mətbuat azadlığı, informasiya təminatı, əhalinin maarifləndirilməsi, insan hüquqlarının müdafiəsi baxımından həyata keçirilən sistemli fəaliyyət nəticəsində VCİ-nin inkişafına görə Azərbaycan Avropa dövlətləri ilə bir sırada dayanır. Keçmiş postsovet ölkələrində vətəndaş cəmiyyətinə aid edilən sektorun fəaliyyətinin dinamikası baxımından Azərbaycanda real və təcrübəyə çevriləcək ənənələr formalaşıb. Vətəndaş cəmiyyətinin maraqları və dövlətin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək hesabına bu gün demək olar ki, vətəndaş cəmiyyəti dönməz inkişaf mərhələsindədir. Bu gün VCİ-nin ictimai siyasətdə öz yeri vardır. Çox işlər görülüb, onlarla layihələr həyata keçirilib. Bundan sonra da fəaliyyətimizi genişləndirməli və dövlət quruculuğunda öz sözümüzü deməliyik".
BMAM-ın Gənclər və layihələr sektorunun rəhbəri Həbib Heydərov isə çıxışında gəncləri daha da inadkar və qətiyyətli olmağa səsləyib: "2000-ci illərin Azərbaycan gəncliyi 1990-cı illərin gəncliyinə nisbətən daha yaxşı prespektivlərə sahib idisə, bu günün gəncliyi də 2000-ci illərin gəncliyinə nisbətən daha yaxşı imkanlara sahibdir. İldən-ilə gənclərin təhsil, karyera, mənzil, ailə və digər məsələlərlə bağlı durumunun yaxşılaşdırılması üçün lazımi olan qanunverici baza gücləndirilir və fürsətlər genişləndirilir".
Sonda Ümumi Yığıncağın iştirakçıları verilən hesabatı qənaətbəxş hesab ediblər.