...

Türkiyədə inqilaba qarşı yeni Kabinet

Siyasət Materials 26 Dekabr 2013 15:34 (UTC +04:00)
Türkiyədə inqilaba qarşı yeni Kabinet
Türkiyədə inqilaba qarşı yeni Kabinet

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

2010-cu ildə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi hərbçilərin "Balyoz" (gürz) adlı hakimiyyətə qarşı çevriliş planının qarşısını almasından sonra ölkədə çevrilişlərin sona çatdığı düşünülürdü. Lakin bu il 17 dekabrda baş verən hadisələri, sözün əsl mənasında, polis və məhkəmə sisteminin hakimiyyətə qarşı hazırladığı çevriliş kimi qiymətləndirmək olar.

Hətta ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən hakim partiyanın toplantısı zamanı ölkədə "dövlət içində dövlət" qurmaq istəyən qruplarla mübarizə aparıldığını, lakin bunun bir o qədər də effektiv olmadığını bildirdi.

Ərdoğanın çıxış zamanı diqqətçəkən məqamlardan biri də ABŞ-da yaşayan və Türkiyədə böyük nüfuza malik din xadimi Fəthullah Gülənə qarşı bəyanatları oldu.

Baş nazir açıq şəkildə bildirdi ki, heç kimsənin müqəddəs İslamdan öz maraqları üçün istifadə etməyə haqqı yoxdur və dindən şəxsi maraqlar üçün istifadə ən böyük əxlaqsızlıqdır.

Təbii ki, Ərdoğanın bu ifadələri bir daha təsdiq edir ki, artıq keçmiş müttəfiqlər arasında ciddi fikirayrılığı və rəqabət başlayıb. Tərəflər arasında fikirayrılığının səbəblərindən biri Türkiyənin hakim partiyasının antiisrail siyasəti ilə yanaşı, İrana qarşı yaxınlaşma siyasətini yürütməsidir.

Tərəflər arasında rəqabətin nəticəsi olaraq, dünən ölkədə üç məmur - iqtisadiyyat naziri Zəfər Çağlayan, ətraf mühit naziri Ərdoğan Bayraqdar və daxili işlər naziri Müəmmər Gülər istefa verdi.

Ərdoğan Bayraqdar istefasının Baş nazirin tələbi ilə olduğunu bildirdi. Bir çox siyasi analitiklər Bayraqdarın bu bəyanatından sonra istefaların davam edəcəyini bildirsələr də, istefa dalğası sona çatdı.

Axşam saatlarında isə Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqladı. Təbii, Türkiyə hökumətinin belə addım atması özünü qorumaq instinkti kimi qiymətləndirilə bilər ki, bu da normal haldır.

Nazirlər Kabinetinin yeni tərkibinə gəlincə, bu məmurların Baş nazir Ərdoğanın ifadə etdiyi kimi, "Türkiyənin yeni istiqlal savaşının" nazirləri olmasıdır.

Hökumətin tərkibinə edilən dəyişiklikdə ən önəmli məqamlardan biri də parlament üzvü olmayan və Ərdoğanın ən yaxın dostlarından olan Efkan Alanın daxili işlər, Baş nazirinin müavini Bəkir Bozdağın isə ədliyyə naziri təyin edilməsidir.

Məhz bu iki qurumda boşluğun olması İstanbul polisinin və məhkəmə sisteminin antikorrupsiya əməliyyatının son ana qədər gizli saxlanmasına səbəb olub.

Nazirlər Kabinetindəki dəyişikliyin hakim partiyanın yürütdüyü daxili siyasətə təsir etməyəcəyi inandırıcı deyil. Ehtimallar onu söyləməyə əsas verir ki, hakim partiya yeni tərkiblə Baş nazir Ərdoğanın qeyd etdiyi kimi , "Yeni Türkiyənin istiqlal savaşına" başlayacaq. "Yeni Türkiyənin istiqlal savaşı"nın isə, heç şübhəsiz ki, polis və məhkəmə sisteminə qarşı aparılacağı ən böyük ehtimallar arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti