...

Sərdar Cəlaloğlu: Milli Şura boş bir forma idi və Müsavat Partiyası həmin formanı dağıtdı

Siyasət Materials 8 Yanvar 2014 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Mehdiyev/

Milli Şura hələ Rüstəm İbrahimbəyovun Azərbaycana qayıda bilmədiyi və yaxud da onun Azərbaycana qayıtmasına ehtiyac yaranmadığı vaxtdan dağılmışdı. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının Milli Şuradan çıxmasına münasibət bildirərkən deyib.

S.Cəlaloğlu bildirib: "Yəni, o vaxtdan Milli Şura dağılıb. Milli Şura nə Müsavat, nə də AXCP demək deyildi, Milli Şura Rüstəm İbrahimbəyov demək idi. Rüstəm İbrahimbəyov da gəlmədiyinə görə, Milli Şura artıq mahiyyət etibarilə məhv olmuşdu. Sadəcə olaraq, yerdə qalan boş forma idi və Müsavat Partiyası da həmin formanı dağıtdı və bununla da hər şey başa çatdı".

S.Cəlaloğlu əlavə edib ki, Milli Şura Rusiyanın Azərbaycanla bağlı siyasətində bir element idi: "Hadisələr elə bir istiqamətdə inkişaf etdi ki, Milli Şura Rusiyaya lazım olmadı. Ona görə də Rüstəm İbrahimbəyov Azərbaycana gəlmədi, Milli Şuradan çıxdı və Milli Şura öz-özünə dağıldı. Milli Şura haqqında boş-boş mətbuatı, ictimai rəyi zəbt etməyin qəti əleyhinəyəm".

ADP sədrinin sözlərinə görə, Milli Şuranın sonunun belə olacağı əvvəlcədən bəlli idi: "Biz Milli Şura yaranmamışdan, o ideya ortalığa salınarkən, yalnış həyata keçirilərkən demişdik ki, Milli Şuranın sonu belə olacaq. Bu gün də Milli Şurada baş verənlər bizim dediklərimizin əyani sübutudur".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan çıxması barədə qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti